“Gün qripi” deyilən xəstəlik yoxdur!” – Həkimdən sərt xəbərdarlıq
“Bu, insanın öz sağlamlığına qarşı törətdiyi cinayətdir…”
Tanınmış həkim, apiterapist və xalq təbabəti üzrə müalicə mütəxəssisi Seyfəddin Əsəd günvurma ilə bağlı cəmiyyət arasında yayılan yanlış fikirlərlə bağlı Yenisabah.az-a mühüm açıqlama verib.
Mütəxəssis “gün qripi” anlayışının tibbdə olmadığını bildirib:
“Tibbdə günvurma var, amma “gün qripi” deyə spesifik bir şey yoxdur. Gün vurduğu zaman sadəcə qrip halına bənzər əlamətlər müşahidə olunur: burun axıntısı, temperatur, narahatlıq və s. Ancaq bu zaman yeni virusun əmələ gəlməsi mümkün deyil. Orqanizmdə mövcud olan virusun aktivləşməsi baş verə bilər, amma sıfırdan yeni virus yaranması tibbi olaraq qeyri-mümkündür”.
Seyfəddin Əsədin sözlərinə görə, belə hallarda insanların özbaşına antibiotik qəbul etməsi ən böyük səhvlərdən biridir:
“Antibiotik qəbul edənlər, istər qrip olsun, istər olmasın, dərmanı düşünmədən içirlər. Bu, insanın öz sağlamlığına qarşı törətdiyi cinayətdir. Çünki dünyanın heç bir ölkəsində bizdəki qədər antibiotik istifadə olunmur. Məsələn, ana uşağına ən xırda temperatur və ya halsızlıq zamanı antibiotik verir, nəticədə uşağın immuniteti zəifləyir. Ən təhlükəlisi isə həkim məsləhəti olmadan bu dərmanları qəbul etməkdir”.
Mütəxəssis qeyd edib ki, antibiotiklərin həddindən artıq istifadəsi bəzi xəstəliklərin – xüsusilə də göbələk infeksiyalarının yayılmasına səbəb olur:
“Göbələk xəstəlikləri dünyada ən çox yayılan bölgələrdən biri məhz bizim ölkədir. Mən həkim olaraq İstanbulda aptekdən bir antibiotik tableti almaq istədim, amma reseptsiz vermədilər. Bizdə isə istənilən aptekdən rahatlıqla antibiotik almaq mümkündür. Almaniyada xəstələrin 90 faizində iynə belə tətbiq olunmur. Sadəcə tabletka ilə müalicəyə üstünlük verilir. Ayaq buduna vurulan iynənin burun axıntısına təsiri ola bilməz”.
Mənbə: Turkustan.Az