Məhəllə komitələri bələdiyyələrin “ürəyinə” çevrilir -AÇIQLAMA
Məhəllə komitələri bələdiyyələrin “ürəyinə” çevrilir -AÇIQLAMA
Bununla
kommunal problemlərini daha tez, operativ həll edə bilərlər
Şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərəcək
məhəllə komitələrinin formalaşdırılması məqsədilə Sumqayıt Bələdiyyəsi tərəfindən
seçki prosesinə start verilib. Məlumata görə, şəhər ərazisində ilk seçki Yeni
Yaşayış Massivi – Yaşıl Dərə ərazisindəki 8-ci məhəllədə baş tutub. Məhəllə
komitələri sakinlərə şəhər həyatında daha yaxından və fəal iştiraka rəvac
verir, öz məhəlləsinin ictimai-sosial problemlərini Bələdiyyə səviyyəsində
qabartmağa imkan yaradır. Qeyd edək ki, hər bir Sumqayıt sakini öz məhəllə
komitələrinin formalaşdırılmasında seçki vasitəsilə iştirak edə bilər.
Bələdiyyələrin
Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a
açıqlamasında qeyd etdi ki, məhəllə komitələri bələdiyyələr daxilində formalaşdırılmış
strukturdur. Fəal bələdiyyələr daxilində bu struktur çoxdan mövcuddur:
– Məhəllə
komitələri uzun zamandır formalaşsa da, bir çox hallarda rəmzi xarakter
daşıyırdı. Sevindirici haldır ki, indi məhəllə komitələrinin fəallığı müşahidə
edilir. Məhəllə komitələrinin üzvləri seçkili orqanın yerlərdə əhali tərəfindən
seçilmiş nümayəndələridir. Bələdiyyə seçilir, onun daxilində isə məhəllə komitələri
yaranır. Bu komitələrə sakinlər arasında daha fəal, ictimaiyyətçi olanlar
seçilir. Məqsəd yerlərdə olan problemlərin bilavasitə bələdiyyədə müzakirəyə
çıxarılmasına və problemin həllinə nail olmaqdır. Bələdiyyələr yaranandan məhəllə
komitələri də olub. Bələdiyyələrin böyük əksəriyyətində var belə komitələr.
Sumqayıt bələdiyyəsi isə həmişə nümunəvi bələdiyyələr sırasında olub. Yaxşı
haldır ki, məhəllə komitələrinə seçki keçirirlər, sakinləri seçki prosesinə cəlb
edirlər. Məhəllə komitələrinin əhəmiyyəti ondan ibarətdir ki, yerlərdə, ilk
baxışda xırda, kiçik məsələ kimi görünən, əslində isə kökündə böyük problemlər
dayanan məsələləri müzakirəyə çıxarmaqla bilavasitə bələdiyyə səviyyəsində həllinə
nail olurlar. Məhəllə komitələri sakinləri narahat edən sosial, kommunal
problemlərini qaldırır, müəyyən təkliflər verir, bələdiyyənin işində aktiv
iştirak edirlər. Bəzən məhəllə komitələrinin aktivliyi o qədər də müşahidə
edilmir. Burada da obyektiv və subyektiv səbəblər olur. Məhəllə komitələri
aktiv olsalar, bir sıra problemlər daha tez həllini tapar. Perspektivdə bu
prosesi aktivləşdirməklə bələdiyyənin üzərinə düşən məsuliyyət yükünü sakinlərlə
paylaşmaqla problemlərin qısa zamanda həllinə şərait yaranmış olacaq. Sakinlər
özləri gərək məhəllə komitələrinin fəallaşmasında maraqlı olsunlar. Çünki
bununla kommunal problemlərini daha tez, operativ həll edə bilərlər.
Məlahət
Rzayeva
Şərq qəzeti
Mənbə: Meneviyyat.Az/