Gyökereşin transferində əlavə ödənişlərin şərtləri razılaşdırılır
Lissabonun “Sportinq” klubunun hücumçusu Viktor Gyökereşin London “Arsenal”ına transferi pozula bilər.
“Report” xəbər verir ki, bu barədə Portuqaliyanın “Record” qəzeti yazır.
Nəşrin məlumatına görə, “Arsenal”, “Sportinq” və Gyökereşin nümayəndələri hücumçunun xidmətləri üçün 70 milyon avro ilkin ödəniş və əlavə 10 milyon avro bonus ödənişi barədə razılığa gəliblər. Qeyd olunur ki, əlavə ödənişlərin şərtləri hələ razılaşdırılmalıdır, çünki “Arsenal” rəhbərliyi yalnız 3 milyon avro ödəməyə hazırdır.
Eyni zamanda nəşr vurğulayır ki, Gyökereş və onun agenti sövdələşməni açıq şəkildə dəstəkləyə bilər.
Xatırladaq ki, Gyökereş 2023-cü ildən “Sportinq”də çıxış edir. O, keçirdiyi 102 matçda 97 qol vurub və 28 məhsuldar ötürmə edib. İsveç millisində hücumçu 26 oyunda 15 qol vurub.
“Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 75 milyon avro təşkil edir.
Mənbə: Report.Az