Qubada erkən nikahın fəsadları mövzusunda tədbir keçirilib
Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyi “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihənin icrasını davam etdirir.
2025-ci il iyulun 12-də layihə çərçivəsində Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Quba filialında növbəti tədbir təşkil edilib. Tədbirdə ADPU-nun Quba filialının tələbələri, Daxili İşlər Nazirliyinin nümayəndələri, təhsil işçiləri, tələbələr, peşə liseyinin şagirdləri, idmançılar, fənn olimpiadalarının qalibləri, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər, idmançılar, Qubanın qızlardan ibarət voleybol komandasının üzvləri iştirak ediblər.
Çıxışçılar erkən nikahın fəsadları barədə ətraflı məlumat verib. Bildirilib ki, erkən nikaha qarşı mübarizədə inzibati yollarla yanaşı digər vasitələrdən də istifadə olunmalıdır. Vətəndaşlar bu hallara qarşı biganə qalmamalı, vaxtında əlaqədar qruamlara məlumat verərək yeniyetməni erkən nikah qurbanı olmaqdan xilas etməlidir. Qeyd edilib ki, erkən nikah sonradan təkcə qızların deyil onların ailələrinin də böyük faciəsinə çevrilir. Belə ki, erkən yaşda ərə verilən qızların orqanizmi tam formalaşmadığından hamiləliyi də normal başa çatmır və onlar və körpələri ölümlə üzləşirlər və bir çox hallarda onları xilas etmək mümkün olmur. Çıxış edənlər erkən nikaha qarşı mübarizdə təhsilin ən önəmli vasitə olduğunu da qeyd ediblər.
Daha sonra tədbir iştirakçıların fikir mübadiləsi ilə davam edib. Yeniyetmə və gənclər müzakirələrə qoşularaq erkən nikahla bağlı öz fikirlərini bildirib, qarşılaşdıqları məqamları diqqətə çatdırıblar. Tədbirdə erkən nikaha məcbur edilən xanımlardan götürülən müsahibələr təqdim olunub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Mənbə: Turkustan.Az