Vuçiç: İqtisadi əməkdaşlıq Serbiya və ABŞ münasibətlərinin əsası olmalıdır
ABŞ və Serbiya arasında ikitərəfli münasibətlərin əsasını məhsuldar iqtisadi əməkdaşlıq təşkil etməlidir və Belqrad iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üzrə işi davam etdirməyə hazırdır.
“Report”un məlumatına görə, bunu Serbiya prezidenti Aleksandar Vuçiç ABŞ Dövlət Departamentinin nümayəndəsi Brendan Hanrahan ilə görüşdən sonra deyib.
“Biz Serbiya və ABŞ arasında strateji tərəfdaşlığa və bütün sahələrdə – energetikadan süni intellektə qədər əməkdaşlığın inkişafına xüsusi diqqət yetirdik, məhsuldar iqtisadi əməkdaşlığın iki ölkəmiz arasında münasibətlərin əsası olmalı olduğunu vurğuladıq. Mən ABŞ-a Serbiyanın Avropa inteqrasiyası prosesinə davamlı dəstəyinə görə təşəkkür etdim və ölkəmizin milli və dövlət maraqlarına tam hörmət etməklə münasibətlərin yaxşılaşdırılması üzrə işi davam etdirməyə hazır olduğunu bildirdim”, – o “Instagram” səhifəsində yazıb.
Prezident Serbiyanın “sülh və sabitliyin qorunmasına” və beynəlxalq hüquq normalarına riayət edilməsinə sadiqliyini vurğulayıb.
Mənbə: Report.Az