Telman Süleymanov: “Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yarada bildi”
Telman Süleymanov: “Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yarada bildi”
“14 iyul 1969 cu il. Ulu öndərin Azərbaycanın rəhbərliyinə ilk dəfə gəldiyi gündür. Məhz türk dünyasının böyük oğlu Ulu öndər Heydər Əliyevin dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynayıb” – bu fikirləri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bildirib.
Sədr bildirib ki, məhz bu illərdə vəzifə pillələrində yüksəlişi Ulu öndərə imkan verirdi ki, sovet dövlətçiliyinin mahiyyətinə dərindən bələd olsun. Həmin illərdə milli kadrlar heç nəyi həll edə bilmirdi, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından faciəli idi. Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Bunlardan birincisi isə xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yarada bildi. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.
Sədr daha sonra qeyd edib ki, müasir Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının əsası da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərimiz ötən əsrin 70-80-ci illərində sovet dövlətinin iqtisadi potensialından Azərbaycanda iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün bacarıqla istifadə etmişdir.
Sözsüz ki, Azərbaycan bələdiyyə sistemi də Ulu öndərin yadıgarlarından biridir. Odur ki, onu yaşatmaq, inkişaf etdirmək, üzləşdiyi problemlərin həllinə hər bir bələdiyyə üzvü və qulluqçusu, o cümlədən hər bir məmur öz töhfəsini verməli və dəstəyini əsirgəməməlidir.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/