GÜNDƏM

Yalançı media subyektinin gerçəkçi xəfiyyələri –“Sputnik Azərbaycan”ın əməkdaşları əslində KİMDİR?

Xəbər verdiyimiz kimi bir müddət əvvəl “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin ofisində polisin apardığı əməliyyat nəticəsində direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousov saxlanılıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar dörd ay müddətinə həbs olunublar.
Onların hər ikisi Cinayət Məcəlləsinin 4-5 maddəsi ilə ittiham olunurlar.

Oğru elə bağırdı ki,..

Çox qəribədir ki, Rusiyanın bir sıra dairələri bu hüquqi addımla razılaşmır, ona siyasi don geyindirməyə çalışırlar. Rusiya Jurnalistlər İttifaqı isə bir qədər qabağa gedərək “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və insan hüquqları assosiasiyalarına müraciət ünvanlanlayıblar. RJI faktlar kobud şəkildə təhrif edərək, beynəlxalq ictimai rəyi manipulyasiya etməyə çalışıb. Beləcə, “oğru elə bağırır ki, doğrunun bağrı yarılsın”.

Halbuki, “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılmasının jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur. Bu şəxslər konkret cinayət əməlləri ilə ittiham olunurlar.

Tarixi “ənənə”

Məlumdur ki, hələ sovetlər dövründə Rusiyanın xüsusi xidmət orqanları xarici agentura şəbəkəsinin əsas hissəsini jurnalistlər üzərində qururdu. Çünki jurnalistlərin informasiya toplamaq, bir çox yerlərə girmək səlahiyyətləri var. Bu da agentlər üçün əlavə imkan deməkdir.

Fikrimizin sübutu üçün tək bir faktı qabartmaq istəyirik. Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl və müharibə dönəmində Almaniya və Yaponiyada fəaliyyət göstərmiş xəfiyyə Rixard Zorge də jurnalist kimi çalışıb. “Ramzay” ləqəbindən istifadə edən agent-jurnalistin ən mühüm fəaliyyətlərindən biri 1940–1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.

Təhlükəsizlik və kəşfiyyat sahəsində fəaliyyət göstərən mütəxəssislərin böyük əksəriyyəti Rixard Zorgeni dünya tarixinin ən böyük xəfiyyələrindən biri olaraq xarakterizə edirlər.

Cinayət işində FSB izi

Göründüyü kimi jurnalistlər bir çox hallarda çox uğurlu xəfiyyələr kimi yetişirlər. Bu mənada “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlıq etməsi heç kimdə şübhə doğurmur. Onlar jurnalistika fəaliyyətinə aid olmayan tapşırıqları yerinə yetirmək məqsədi ilə Azərbaycana gəliblər. İqor Kartavıx və Yevgeni Belousov ciblərində jurnalist vəsiqəsi gəzdirsələr də onların əsas vəzifəsi Azərbaycandan daha çox gizli məlumatlar toplamaq olub.

Bu baxımdan, onların saxlanılması qüvvədə olan qanunvericiliyə tam uyğun olaraq və hüquqi çərçivədə həyata keçirilmiş qanuni tədbirdir.

İqor Kartavıx və Yevgeni Belousovun FSB agenti olmasının daha bir sübutu ondan ibarətdir ki, onların sələfi – “Sputnik Azərbaycan”a bir neçə il rəhbərlik etmiş Vitali Denisovun da daha sonralar Rusiya xüsusi xidmət orqanlarının zabiti, Baş Kəşfiyyat İdarəsi ilə sıx əlaqəli olan şəxs kimi ifşa olunmasıdır. Vaxtilə “Sputnik Cənubi Osetiya” agentliyinə, daha sonra isə “Sputnik Moldova”ya rəhbərlik edən Vitali Denisov vəzifələrdə olarkən o, göstərilən regionların media resurslarından Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə istifadə edərək, Kreml yönümlü gündəmi təşviq etmək məqsədi daşıyan informasiya-təbliğat kampaniyalarına rəhbərlik edib.

Halbuki Vitali Denisov həm Azərbaycanda, həm də Moldavada daha çox jurnalist kimi tanınıb. Lakin onun gizlin missiyasını ən yaxın adamları belə bilməyib.

İfşa olunan “jurnalist” xəfiyyələr

Yaxın keçmişə nəzər salsaq, onlarla Rusiyalı jurnalistin bu və digər ölkədən qovulduğunu görərik. Məsələn, Rusiya jurnalisti Arkadii Babçenko 2013-cü ilin 15 iyununda Türkiyədən qovulub. 2015-ci ildə Rusiyanın “Birinci kanalı”nın jurnalisti Aleksandre Çerepninanın 3 il ərzində Ukrayna ərazisinə girməsinə qadağa qoyulub. 2022-ci ildə Kosovoda casusluq ittihamı ilə saxlanılan rusiyalı jurnalist Daria Aslamova ölkədən deportasiya edilib. 2025-ci ilin fevralında Rusiyalı jurnalist Zelenski ilə Trampın görüşündən qovulub.

Bu siyahını daha da uzatmaq olar. Ancaq mahiyyət dəyişməyəcək. Mahiyyətsə odur ki, FSB öz agentura şəbəkəsini xarici ölkələr daha çox jurnalist adı ilə yerləşdirir. Bu mənada İqor Kartavıx və Yevgeni Belousov Rusiya Jurnalistlər İttifaqının iddia elədiyi kimi yox. Azərbaycanın milli təhlükəsizliyi məqsədi ilə saxlanılıb.

FSB-nin “Sputnik” qolu

Nəzərə alaq ki, FSB-nin agentura şəbəkəsinin aparıcı qollarından biri “Sputnik”dir. Dünyanın bütün aparıcı və inkişaf etməkdə olan ölkələrində “Sputnik”in təmsilçiləri var. Amma bir çox ölkələrdə bu agentura şəbəkəsi ifşa edilib. Məsələn, “Sputnik” rəsmi olaraq 32 ölkədə, o cümlədən Avropa İttifaqının bütün 27 dövlətində, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada qadağan edilib və ya bloklanıb.

Çünki “Sputnik”in əməkdaşları yerlərdə jurnalist kimi yox, xəfiyyə kimi çalışır.Bəzi hallarda isə Agentliyin əməkdaşları fəaliyyət göstərdikləri ölkədə dezinformasiya kampaniyası aparır, ölkələrin daxili siyasi proseslərinə müdaxilə edir. Ona görə də “Sputnik” FSB-nin suveren dövlətlərdə vəziyyəti destabilizasiya etməyə yönəlmiş geniş hibrid strategiyanın bir parçasıdır. Və Agentlik əslində yalançı bir media subyektidir./bizimmedia









Mənbə: Turkustan.Az