GÜNDƏM

Yekaterinburqda saxlanılan azərbaycanlılara YENİ İTTİHAM

Rusiyanın Yekaterinburq şəhərində həbs edilən azərbaycanlı Səfərov qardaşlarına yeni ittiham irəli sürülə bilər. Belə ki, onların iş adamının avtomobilinin yandırılmasında əli olduğu haqda xəbərlər yayılıb. Təfərrüatları təhlükəsizlik qurumundakı mənbə yerli mediaya açıqlayıb.

Rusiya mediası xəbəe verir ki, mənbənin sözlərinə görə, hadisə 2020-ci il noyabrın 20-nə keçən gecə Kirovski rayonunda baş verib. Maskalı şəxslər “Toyota Land Cruiser” markalı avtomobilin üzərinə benzin tökərək yandırıblar. Ertəsi gün polis Cinayət Məcəlləsinin 167-ci maddəsinin 2-ci hissəsi ilə “Əmlakı qəsdən məhv etmə və ya zədələmə” ilə cinayət işi açıb.

“Polis şöbəsində zərərçəkmiş biznesmen dərhal bildirdi ki, cinayətdə Səfərovların əli ola bilər. Onlarla uzun müddətdir davam edən münaqişəsi olub. Əvvəllər də onları saxta spirtli içkilər satdıqları üçün şikayət etmişdi”, — deyə mənbə bildirib.

Zərər 1,8 milyon rubldan çox olub. Amma cinayət işinin üstü hələ açılmayıb. Həbsdə olan Səfərov qardaşlarının vəkili ilə əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, iyunun 27-də səhər Yekaterinburqda 50-dən çox azərbaycanlı saxlanılıb. Əməliyyat zamanı Səfərov qardaşlarından ikisi ölüb. Onlar 24 il əvvəl kafedə Yunus Paşayevi öldürməkdə şübhəli bilinirlər.

Lent.az









Mənbə: Turkustan.Az