Sosial məsuliyyətin icrası fəaliyyətimizin əsas sütunlarından biridir
Sosial məsuliyyətin icrası fəaliyyətimizin əsas sütunlarından biridir
Bu gün qarşınızda 2025-ci ilin yanvar-iyun aylarını əhatə edən dövr ərzində Ağcabədi bələdiyyəsinin fəaliyyəti barədə geniş hesabatı təqdim edirəm. Hədəfimiz bələdiyyənin fəaliyyətini şəffaf və hesabatlı şəkildə qurmaq, vətəndaşlarla ünsiyyətimizi möhkəmləndirmək, yerli problemləri operativ həll etmək və davamlı inkişaf üçün əsaslı təməllər yaratmaqdır.
Sədr olaraq fəaliyyətə başladığım ilk gündən bələdiyyənin potensialını reallaşdırmaq və sosial yönümlü idarəetmə sistemi qurmaq məqsədi ilə konkret addımlar atmağa başladıq. İlk olaraq verdiyimiz qərar, bələdiyyənin mülkiyyətində olan 100 hektar torpaq sahəsinin əkilib-becərilməsi və bu torpaqlardan əldə olunan gəlirlərin sosial layihələrin həyata keçirilməsinə yönəldilməsindən ibarətdir. Bu qərar təkcə iqtisadi mənfəət deyil, həm də sosial ədalət və bərabərliyin təmin olunması məqsədini güdür. Qazanılan vəsaitin şəhid ailələrinə, aztəminatlı ailələrə və ictimai ehtiyaclara yönəldilməsi vətəndaşların yerli özünüidarəyə olan inamını daha da möhkəmləndirdirilməsindən ibarətdir.
Bələdiyyə daxilində vergi uçotu sistemi hazırda BAMS (Bələdiyyə Avtomatlaşdırılmış Məlumat Sistemi) proqramı vasitəsilə aparılır. Bu proqram texnoloji baxımdan bəzi üstünlüklərə malikdir. BAMS proqramının təkmilləşdirilməsi və onun daha da funksional bir sistemə keçid məsələsi gündəmdə saxlanılmalıdır.
Bələdiyyə büdcəsinin formalaşmasında əsas prioritetlərdən biri də daxili maliyyə mənbələrinin artırılması olmuşdur. Yuxarıda qeyd etdiyim kimi, 100 hektar torpaq sahəsinin əkilib-becərilməsi bələdiyyəyə həm iqtisadi gəlir qazandırmaq, həm də sosial məsuliyyətin icrasında dayaq nöqtəsinə çevriləcəkdir. Bu sahədən daxil olan gəlirlər artıq bir neçə sosial layihənin maliyyələşməsinə imkan yaradıb və bu istiqamətdə fəaliyyətlər genişləndiriləcəkdir.
Büdcə gəlirləri üzrə əldə olunan nəticələr sevindirici və gələcəyə ümidvericidir. 2025-ci ilin fevral ayında 2,759 manat, mart ayında 11,338 manat, aprel ayında 32,7671 manat, may ayında 36,028 manat və iyun ayında 39,622 manat olmaqla, ümumilikdə 122,516 manat vəsait toplanmışdır. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə nəzərə çarpacaq dərəcədə yüksək göstəricidir.
Belə ki, 2024-cü ildə eyni dövrdə (fevral–iyun aylarında) bələdiyyənin gəliri cəmi 56,837.54 manat olmaqla o, cümlədən fevral ayı 11865 manat, mart ayı-15866 manat, aprel ayı 9128 manat, may ayında 9825 manat, iyun ayında 10152 manat olmuşdur ki, bu təxminən iki dəfəlik artım deməkdir. Bu artımın əsas səbəbləri sırasında bələdiyyə vergi uçotunda nizam-intizamın gücləndirilməsi, yerli sahibkarlığın stimullaşdırılması, torpaq sahələrindən səmərəli istifadə və bələdiyyənin öz resurslarını doğru dəyərləndirməsi göstərilə bilər.
Sosial məsuliyyətin icrası da fəaliyyətimizin əsas sütunlarından biridir. Sonuncu bələdiyyə iclasında çox vacib qərarlar qəbul olunmuşdur. İclasda 20 şəhid ailəsinin hər birinə 102 manat məbləğində ərzaq yardımı göstərilməsi, həmçinin bələdiyyənin balansında olan qəbiristanlıqların təmizlənməsi, abadlaşdırılması və yabanı otlardan təmizlənməsi ilə bağlı qərar qəbul edilmişdir. Bu tədbirlər həm əhali arasında məmnunluq doğurmuş, həm də bələdiyyənin sosial məsuliyyətinin bir daha təsdiqi olmuşdur.
Bu müddət ərzində yerli ictimaiyyətlə mütəmadi görüşlər keçirilib, vətəndaşların təklifləri, müraciətləri və şikayətləri yerindəcə dinlənilib və operativ həll yolları müəyyən olunub. Xüsusilə gənclər arasında sosial aktivliyin artırılması və yerli idarəetməyə marağın formalaşdırılması məqsədi ilə müxtəlif formatda tədbirlər təşkil olunub.
Bələdiyyənin daha da inkişaf etdirilməsi üçün aşağıdakı təklifləri vacib hesab edirəm:
Əlavə istehsal sahələrinin yaradılması – bu həm məşğulluğu artıracaq, həm də bələdiyyənin maliyyə imkanlarını genişləndirəcəkdir. Əkinçilik və emal sahələri üzrə kiçik müəssisələrin yaradılması artıq planlaşdırılır.
İnformasiya texnologiyalarından geniş istifadə – elektron xidmətlərin artırılması, vergi sistemlərinin rəqəmsallaşdırılması, müasir mühasibat proqramlarına keçid prioritetlərdəndir.
Bələdiyyə əmlakının uçotu və idarəetməsi sahəsində şəffaflığın artırılması. Mülkiyyətə aid torpaq sahələrinin səmərəli idarə olunması üçün rəqəmsal kadastr sistemi qurulmalıdır.
Əhalinin maarifləndirilməsi və iştirakçılığın artırılması – vətəndaşların yerli idarəetmədə fəallığını artırmaq üçün məhəllə nümayəndələrinin sistemli fəaliyyəti təşkil olunmalıdır.
Gənclər və qadınlar üçün sosial təşəbbüslərin dəstəklənməsi – bələdiyyə daxilində sosial sahibkarlıq təşviq olunmalı, startap layihələrə dəstək mexanizmləri yaradılmalıdır.
Qarşıdan gələn dövrlərdə də əsas hədəfimiz sosial ədalətli, şəffaf və dayanıqlı bələdiyyə sistemi qurmaqdır. Bu isə yalnız həmrəy şəkildə, sakinlərin iştirakı və dəstəyi ilə mümkündür. Biz birlikdə çalışmaqla bələdiyyəmizi daha güclü və nümunəvi edə bilərik.
Mənbə: Meneviyyat.Az/