BƏLƏDİYYƏ

Avstriyada işgüzar səfərdə olan nümayəndə heyətinin tərkibində bələdiyyə sədri də var

Avstriyada işgüzar səfərdə olan nümayəndə heyətinin tərkibində bələdiyyə sədri də var

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyanın Lints şəhərində işgüzar səfərdədir.

Səfərin əsas məqsədi Avstriyanın aparıcı sənaye mərkəzi olan Lints şəhəri ilə Sumqayıt şəhəri arasında 2009-cu ildən mövcud olan əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yerli sənaye müəssisələri ilə tanışlıq olub.

Səfər çərçivəsində Zakir Fərəcov Lints şəhərinin meri Dietmar Prammerlə və  şəhərdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşlər keçirib.

Görüşlərdə sənaye şəhərləri olan Sumqayıt və Lints arasında gələcək əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu vurğulanıb, bu imkanların reallaşdırılması istiqamətində mümkün sahələr barədə ətraflı fikir mübadiləsi aparılıb.Səfərdə Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov da iştirak edib.

Nümayəndə heyəti Lints şəhərinin yerli özünüidarəetmə sistemi ilə tanışlıq zamanı xüsusilə bələdiyyələrin səlahiyyətlərinə aid olan sahələr – yaşıl zonaların artırılması, məhəllədaxili abadlıq işləri,əhalinin iştirakçılığının təmin olunması və kommunal infrastrukturun (su, tullantı, küçə işıqlandırması və s.) təşkili ilə bağlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb,həmçinin, şəhər əhalisinin sosial rifahına yönəlik layihələrin icrasının önəmini xüsusilə qeyd edilib. 

Tərəflər gələcəkdə birgə layihələrin icrası, bələdiyyələrarası əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı səfərlərin davam etdirilməsi barədə razılığa gəliblər.


Mənbə: Meneviyyat.Az/