SİYASƏT

Ağdamın Xıdırlı kəndinə 6 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur

Ağdamın Xıdırlı kəndinə 6 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur.

Bunu “Report”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.

Onun sözlərinə görə, kəndin inşası 2 mərhələdə həyata keçiriləcək. Hazırda birinci məhələnin inşası tam başa çatdırılıb:

“Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur”.

L.Sarabi qeyd edib ki, buraya 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi, 1 498 fərdi evin inşası nəzərdə tutulur:

“Birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır”.

“Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir, – o əlavə edib.

Qurum rəsmisi həmçinin kənddə məskunlaşacaq əhali üçün tələbata uyğun inşa olunan körpələr evi-uşaq bağçası barədə məlumat verib:

“120 yerlik binada qrup otaqları, musiqi otağı, idman zalları balacaların ixtiyarına veriləcək. Burada uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur. Uşaq bağçasının ətrafında yaşıllıq zolaqları salınıb, idman və oyun meydançaları, söhbətgahlar yaradılıb. Binanın damında Günəş panelləri quraşdırılıb”.

Bununla yanaşı, kənddə 528 şagird yerlik tam orta məktəb də istifadəyə verilib: “Məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib”.

Qeyd edək ki, iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev qırğızıstanlı həmkarı Sadır Japarovla birgə Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.

Mənbə: Report.Az