DÜNYA

Ermənistanda yeni konstitusiya ilə bağlı müzakirələr yenidən başlayır

Ermənistanda Konstitusiya islahatı üzrə Şuranın uzun müddətdən sonra ilk iclası iki həftə sonra keçiriləcək.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan hökumətin iclasından sonra bildirib.

Onun sözlərinə görə, Konstitusiyanın yeni mətni 10 ay ərzində hazır ola bilər, lakin müddət müzakirələrin gedişatından asılıdır. Nazir qeyd edib ki, layihənin müzakirəsi açıq ola bilər.

“Mətn hazırlanma mərhələsindədir. Əsas konseptual müddəalar üzrə müzakirələr aparılacaq və yalnız bundan sonra sənəd ictimaiyyətə təqdim ediləcək”, – o bildirib.

Nazir, həmçinin əlavə edib ki, müzakirələrin yekununda layihədə əhəmiyyətli dəyişikliklər ola bilər. Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsinə mümkün düzəlişlər məsələsi də müzakirə olunacaq.

Martın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, 2027-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi üçün referendum keçirməyi planlaşdırılır. Bununla yanaşı, baş nazir əlavə edib ki, onun komandasında referendumun 2026-cı ildə parlament seçkiləri ilə paralel keçirilməsinin məqsədəuyğunluğu barədə fikirlər səslənir.

Mənbə: Report.Az