Un ucuzlaşıb – çörəyin qiymətinə təsir edəcəkmi?
İyunun 30-na olan məlumata görə, Azərbaycanda unun topdansatış qiymətlərində azalma qeydə alınıb. Belə ki, un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8 – 28 manat aralığında dəyişib. Bu, ötən həftə ilə müqayisədə 0,7 – 3% aralığında ucuzlaşma deməkdir.
Mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, əvvəlcə bu azalma tendensiyasının davamlı olub-olmadığını müəyyənləşdirmək vacibdir:
“Əgər qiymət azalması mövsümi təsirlərdən qaynaqlanmırsa və uzunmüddətli dinamika şəklində davam edərsə, bu, gələcəkdə çörək və digər un məmulatlarının qiymətinə az da olsa, təsir göstərə bilər. Hazırda isə yay mövsümündə taxıl bolluğunun unun qiymətinə müvəqqəti təsir etdiyi ehtimal olunur. Lakin qiymət dəyişikliklərinin davamlı olub-olmayacağı hələlik aydın deyil”.
İqtisadçı ekspert əlavə edib ki, qısa müddətdə çörək və un məmulatlarının qiymətində ciddi dəyişikliklərin baş verəcəyi gözlənilmir. Onun sözlərinə görə, gələcək qiymət tendensiyalarını bazarda formalaşacaq vəziyyət müəyyən edəcək.
Mənbə: Turkustan.Az