Kəngərli sakini: Kənddə bizimçün çox gözəl evlər tikilib
Kənddə bizimçün çox gözəl evlər tikilib.
“Report” xəbər verir ki, bunu bu gün Ağdamın Kəngərli kəndinə qayıdan sakin, keçmiş məcburi köçkün Allahverdi Rüstəmov deyib.
A.Rüstəmov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar:
“Bu günə çox şükür ki doğma toraqlarımıza qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Möhtərəm Prezidentimizin uğurlu siyasəti nəticəsində yurdumuza qayıdırıq”.
“Daha əvvəl də gedib kəndimizə baxdım. Bizimçün çox gözəl evlər tikilib. Hər cür şərait yaradılıb, hətta mərasim evi də tikilib.
Kəndimizdə kommunal şərait, infrastruktur yaxşı vəziyyətdədir. Bir sözlə, hər şey əladır.
Allah bizə bundan sonra pis günlər göstərməsin”, – Kəngərli sakini deyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu mərhələdə Kəngərli kəndinə 37 ailə – 153 nəfər köçürüləcək.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
Mənbə: Report.Az