DİASPORGÜNDƏM

BDM-in Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hüquqsuz zorakılıq aktına etiraz – BƏYANATI

2025-ci il iyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan mənşəli şəxslərin yaşadığı evlərdə Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı insan hüquqlarını kobud şəkildə pozan, insan ləyaqətini alçaldan, qəddar və qeyri-insani rəftar halları müşahidə edilmişdir.

Xüsusilə Ağdamdan olan Səfərovlar ailəsinin üzvləri – Ziyəddin və Hüseyn Səfərov qardaşlarının işgəncələrə məruz qalaraq döyülməsi və nəticədə vəfat etməsi xəbəri bütün Azərbaycan ictimaiyyətini və dünya azərbaycanlılarını dərin hiddətə və narahatlığa sürükləmişdir. Bu faciəvi hadisə həm də Azərbaycanın tanınmış ədəbiyyatşünası və jurnalisti Seyfəddin Hüseynlinin ailəsinə ağır itki yaşatmışdır.

Məlumatlara əsasən, əməliyyat zamanı digər Azərbaycan əsilli şəxslər də həbs olunmuş, onlara qarşı elektroşok vasitələri tətbiq edilmiş, ailələrin evlərində ciddi dağıntılar törədilmiş, yaşlı, qadın və uşaqların gözü qarşısında insan ləyaqətinə zidd davranışlara yol verilmişdir.

Beynəlxalq Diaspora Mərkəzi olaraq bildiririk ki:

  • Yekaterinburqda baş verən bu qəddar və qeyri-insani əməliyyat birbaşa insan hüquq və azadlıqlarına, o cümlədən beynəlxalq hüquq normalarına və Rusiya Federasiyasının öz konstitusion öhdəliklərinə tamamilə ziddir.

  • Mülki şəxslərə qarşı həyata keçirilən zorakılıq, fiziki və psixoloji işgəncə halları, xüsusilə də ölümlə nəticələnən hadisələr hüquqi və beynəlxalq səviyyədə dərhal araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir.

  • Biz dünya ictimaiyyətinə, beynəlxalq insan hüquqları təşkilatlarına, ATƏT, BMT İnsan Hüquqları Şurasına, Amnesty International və Human Rights Watch kimi qurumlara müraciət edərək bu hadisənin dərhal araşdırılmasını, işgəncə və qətllərə yol verən şəxslərin cəzalandırılmasını tələb edirik.

  • Azərbaycan diaspor təşkilatları olaraq Rusiyada yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində hüquqi və beynəlxalq səviyyədə bütün imkanlarımızı səfərbər edəcəyik.

  • Beynəlxalq Diaspora Mərkəzi olaraq Rusiya Federasiyası hökumətindən tələb edirik ki, saxlanılan şəxslərin hüquqları təmin edilsin, vəkil və ailə üzvləri ilə əlaqə imkanları bərpa olunsun, zərərçəkən ailələrə dəymiş mənəvi və fiziki ziyanın aradan qaldırılması üçün tədbirlər görülsün.

Bu cür qəddar və qeyri-insani rəftarlar Rusiyada yaşayan milyonlarla etnik azərbaycanlının təhlükəsizlik və hüquq normalarına olan inamını ciddi şəkildə sarsıdır və ölkədə milli-etnik tolerantlıq mühitinə ağır zərbə vurur.

Beynəlxalq Diaspora Mərkəzi olaraq bütün dünya azərbaycanlılarını və beynəlxalq ictimaiyyəti bu hadisəyə biganə qalmamağa, haqlı mövqeyimizi müdafiə etmək üçün həmrəy olmağa çağırırıq.

Beynəlxalq Diaspora Mərkəzi
30 iyun 2025-ci il