GÜNDƏM

Xameneinin sonu Səddam kimi ola bilər? – “O, İsrailin birbaşa hədəfindədir”

İran ilə İsrail arasında 12 günlük müharibə hələlik bitsə də, bəzi ekspertlər prosesin davam edəcəyini bildirirlər. Xüsusilə də rəsmi Təl-Əvivin İranın ali dini rəhbəri Əli Xameneini hədəfə alması və onu sıradan çıxarmadan prosesi bitirmək istəmədiyi iddia edilir.

Xameneinin taleyi Səddam Hüseynin aqibətinə bənzəyəcəkmi? İranın taleyi İraqın taleyini təkrarlayacaqmı? ABŞ–İsrail tandemi İranla bağlı yekun hədəfə nə zaman çatacaq?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ, İran və İsrail arasında nisbi atəşkəs elan olunsa da, bunun uzun çəkməyəcəyi artıq indidən bəllidir:

“İsrail Pandora qutusunu açdı. Yəni bundan sonra əgər İranın uranı zənginləşdirməyə davam etdiyini və ya nüvə silahı əldə etmək istədiyini sezsə, çox böyük ehtimalla proseslər yenidən başlayacaq. Üstəlik, bu dəfə əməliyyatlar daha sərt və dağıdıcı ola bilər.

Prinsip etibarilə İsrail Qəzzada HƏMAS-a, Livanın cənubunda “Hizbullah”a qarşı necə əməliyyatlar keçirdisə, gələcəkdə İrana qarşı da oxşar addımlar ata bilər. Bu vəziyyət hər şeydən əvvəl İrandakı rejim üçün təhlükəlidir.

Elxan Şahinoğlu

Rəsmi Tehran vəziyyətin fərqindədir. Rejim faktiki olaraq nə İsrailə, nə də ABŞ-a yetərincə cavab verə bildi. Halbuki İranın ondan çox yüksək rütbəli generalı və nüvə sahəsində ixtisaslaşmış alimləri öldürüldü. İran isə sadəcə bir neçə raket zərbəsi ilə kifayətləndi. Yəni nə israilli, nə də amerikalı generalları hədəfə ala bildi.

İran rejimi bu gün atəşkəsi qələbə kimi təqdim etməyə çalışır. Halbuki bu, qətiyyən qələbə deyil. Digər tərəfdən, bu gün İranın ali dini rəhbərinə qarşı real risklər də artmaqdadır. Müharibə boyunca onun gizləndiyi iddia edilirdi. Böyük ehtimalla o, hələ də İsrailin birbaşa hədəfindədir və Təl-Əviv bu hədəfə çatmaq üçün əlindən gələni etməyə davam edəcək.”









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir