AEBA İrandan əməkdaşlığın dayandırılması barədə bildiriş almayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) hələlik İrandan əməkdaşlığın dayandırılmasına dair qanun layihəsi ilə bağlı rəsmi bildiriş almayıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” AEBA-dakı mənbəyə istinadən məlumat yayıb.
“Biz bu xəbərləri (İranda əməkdaşlığın dayandırılması haqqında qanunun hazırlanması – red.) bilirik. Hazırkı vəziyyətə görə AEBA İrandan bu məsələ ilə bağlı rəsmi bildiriş almayıb”, – agentlikdəki mənbə deyib.
Qeyd edək ki, iyunun 25-də İran parlamentinin deputatları islam respublikasının beynəlxalq nüvə nəzarətçisi ilə əməkdaşlığının dayandırılması haqqında qanun layihəsinin mətnini təsdiqləyiblər. İyunun 26-da isə İranın Konstitusiya Keşikçiləri Şurası qanun layihəsinin mətnini təsdiqləyib. İndi sənəd ölkə Prezidentinin imzasına təqdim edilməlidir.
İran hakimiyyəti əvvəllər bildirmişdi ki, AEBA rəhbərliyinin İsrailin islam respublikasının dinc nüvə obyektlərinə zərbələrini pisləməməsi agentliklə əməkdaşlığın dayandırılması üçün səbəb ola bilər. Tehranda qeyd ediblər ki, İsrail və ABŞ-nin zərbələrinə məruz qalan bütün İran nüvə obyektləri AEBA-nın nəzarəti və müdafiəsi altında idi, lakin agentlik bu hücumları qabaqlamaq üçün heç nə etməmişdi.
Mənbə: Report.Az