HƏRBİ

İkinci Qarabağ müharibəsində Zəfər ordunun döyüş ruhunu nümayiş etdirdi – RƏY

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə tarixə qızıl hərflərlə yazıldı.

“Report” xəbər verir ki, bunu bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib:

“10 dekabr 2020-ci il tarixdə Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha diqqəti Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyinə həsr edilən paradda əminliklə söylədiyi çağırışa yönəldərək bildirdi ki, “demişdim gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi”. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Vüqar Rəhimzadə xatırladıb ki, müasir milli ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə başlandı.

“Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək hərbi kadrların yetişdirilməsi istiqamətində mühüm addımlar atdı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Heydər Əliyev azərbaycanlı gəncləri, həmçinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu var”.

Vüqar Rəhimzadə

Vüqar Rəhimzadə bildirib ki, ordu quruculuğu prosesi son 21 ildən artıq dövrdə Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir:

“Dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətində davamlı addımlar atıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda müasir hərbi- sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir”.

Millət vəkili bəyan edib ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfər, bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa edilməsi ordunun gücü, peşəkarlığı, döyüş ruhu ilə yanaşı, Prezident-Xalq-Ordu birliyini, həmrəyliyini beynəlxalq aləmə nümayiş etdirdi. Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücün, həm də birliyin təcəssümüdür.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir