SİYASƏT

Azərbaycan səfiri BMT-nin miqrantların hüquqları üzrə komitəsinə üzv seçilib

BMT-nin qərargah binasında “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya”ya Tərəf Dövlətlərin 12-ci iclası keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev iclas zamanı Konvensiyaya Tərəf Dövlətlər tərəfindən iclasın sədri seçilib.

İclas çərçivəsində BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsinə 2026-2029-cu illər üzrə yeni üzvlərin seçkiləri baş tutub. Seçkilər Komitədə 2025-ci ilin 31 dekabrından etibarən boşalacaq 7 yer uğrunda keçirilib. Azərbaycanla yanaşı, Albaniya, Bosniya və Herseqovina, Ekvador, Benin, Niger, Madaqaskar və Seneqalın namizədləri də bu yerlər uğrunda mübarizə aparıblar.

Seçkilərin nəticələrinə əsasən, Azərbaycanın namizədi Azad Tağızadə 57 ölkədən 55-nin səsini toplayaraq ən yüksək nəticə ilə komitəyə 2026-2029-cu illər üzrə yenidən üzv seçilib.

Qeyd edək ki, Komitə 14 müstəqil ekspertdən ibarət olub, konvensiyanın icrasına nəzarət funksiyasını yerinə yetirir və üzvləri konvensiyaya tərəf dövlətlər tərəfindən seçilir.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir