HƏRBİ

İdarə rəisi: Azərbaycan Ordusunda İnformasiya texnologiyaları şəbəkələrinin kibertəhlükəsizliyi üçün gündəlik monitorinqlər aparılır

Azərbaycan Ordusunda İnformasiya texnologiyaları şəbəkələrinin kibertəhlükəsizliyi üçün gündəlik monitorinqlər aparılır.

“Report”un məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyinə təşkil etdiyi mediaturda nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov deyib.

Mediatur zamanı idarə rəisi Azərbaycan Ordusunun, eləcə də nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin son 6 aylıq fəaliyyəti ilə bağlı məlumat verib.

O bildirib ki, bu ilin birinci yarımilində Azərbaycan və digər ölkələrin iştirakı ilə 14 beynəlxalq təlim keçirilib:

“Sözügedən dövrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində xidmətə çağırılan 4 min 600-dən çox hərbi vəzifəlilər təlimlərə cəlb edilib. Bu ilin birinci yarımilində şəxsi heyət beynəlxalq seminar, təlim və kurslara cəlb olunub. Azərbaycan Ordusunda kibertəhlükəsizlik, dövlət sirrinin qorunması, rəqəmsal savadlılığın, eləcə də informasiya təhlükəsizliyinin artırılması məqsədi ilə nazirliyin baş idarə, idarə və xidmətlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi hissələrdə mütəmadi tədbirlər keçirilib. Ordumuzun mərkəzləşdirilmiş İnformasiya texnologiyaları şəbəkələrinin kibertəhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gündəlik monitorinq və hadisələrin analizi aparılır”

Anar Eyvazov deyib ki, elektron xidmətin vətəndaşlara əlçatanlığı, məlumatların ötürülməsi və emalı zamanı xüsusi proqram, texniki vasitələrin köməkliyi ilə kibertəhlükələrə qarşı qabaqlayıcı tədbirlər görülür. Həmçinin idarə rəisi bildirib ki, azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, yeni yolların çəkilməsi və digər hərbi infrastrukturların yaradılması ilə bağlı mühəndis tədbirləri icra olunur.

“Müdafiə Nazirliyi Azərbaycan əleyhinə aparılan dezinformasiyaya qarşı mübarizədə media subyektləri ilə birgə fəaliyyət göstərib. Bu sahədə media subyektlərinin və nümayəndələrinin fəaliyyətini alqışlayıram. Ümid edirəm ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək. Biz daim media nümayəndələri ilə əlaqədəyik. Bəzən göndərilən sorğuların operativ cavablandırılması mümkün olmur. Bu da informasiyanın dəqiqləşdirilməsi və media nümayəndələrinə daha dəqiq məlumatın verilməsi ilə bağlıdır”, – deyə Anar Eyvazov bildirib.

Sonra tədbirdə Vətən Müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları media nümayəndələrinə müsahibə veriblər.

Azərbaycan Ordusunun hərbi qulluqçusu, çavuş Zaman Nurəddinov deyib ki, Azərbaycan Xalqı Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının növbəti ildönümünü hər il olduğu kimi, bu il də təntənə ilə qeyd edir:

“Bütün dünya azərbaycanlıları torpaqlarımızın Ermənistanın işğalından azad olunmasından böyük qürur hissi keçirir. Bu il həm də əlamətdar hadisələrlə zəngindir. Suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası ilə nəticələnən Vətən müharibəsinin 5-ci ildönümü və antiterror əməliyyatı da daxil olmaqla postmüharibə dövründə ordumuzun qələbə ilə yekunlaşdırdığı “Qisas”, “Fərrux”, “Qətiyyətli cavab” əməliyyatlarının da ildönümləri qeyd olunacaq. Həmçinin ölkə Prezidentinin sərəncamı ilə bu il “Suverenlik və Konstitusiya” ili elan edilib və bununla əlaqədar bütün ölkə ərazisində müxtəlif silsilə tədbirlər keçirilir və ordumuzun ünvanına xoş sözlər deyilir. Qürurluyuq ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu müasir ordu quruculuğu prosesi Müzəffər Ali Baş Komandan tərəfindən uğurla davam edir”.

Hərbi qulluqçu Vətən Müharibəsində iştirak etməsi ilə fəxr etdiyini deyib:

“Fəxr edirik ki, döyüşlərdə qalib gəldik, torpaqlarımız azad edildi və soydaşlarımızın yurd yerlərinə qayıtması təmin olundu. Düşməndən qorxmadan, inamla irəliləyirdik. Düşmənə qalib gəldikcə, şəhər və kəndlərimizi azad etdikcə, onu torpaqlarımızdan qovduqca ruh yüksəkliyimiz daha da artırdı. Müzəffər Ali Baş Komandanın sərkərdəliyinə və xalqın dəstəyinə inamımız sonsuzdur, bu səbəbdən də qalib gələcəyimizə əmin idik. İşğalçı Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun qüdrəti və xalqın qətiyyəti qarşısında tab gətirmədi. Zəbt etdiyi mövqelərindən qovuldu, işğal altında olan torpaqlarımızdan çıxmağa məcbur oldu”.

Çavuş Səddam Əsmətov deyib ki, o, Vətən müharibəsinin iştirakçısıdır:

“Vətən müharibəsi zamanı hər günü qələbə əzmi, vətən sevgisi ilə vuruşduq, addım, addım böyük qələbəyə yaxınlaşırdıq. Qanımızı əsirgəmədən ancaq vətənimizin azadlığını düşündük. Ali Baş Komandanın döyüş əmrini icra edərək xalqımızın arzusunu təmin etdiyimizə və yurd həsrətinə son qoyduğumuza görə fəxr edirik. Bu gün də Ali Baş Komandanın qayğısının və xalqın dəstəyinin bizə verdiyi əlavə güc və inam sayəsində yenə də vətənimizin keşiyində dayanırıq, torpaqlarımızı göz bəbəyimiz kimi qoruyuruq. Artıq vətən torpaqları tam ordumuzun nəzarətində, xalqımızın ixtiyarındadır. Tarixən bizim olan bu torpaqlar artıq əbədiyyən azaddır, soydaşlarımız ordumuza güvənərək azad edilmiş torpaqlarımızda şad, firavan yaşayacaq”.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir