SİYASƏT

“Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib

Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, Nazirlik Aparatının rəhbər şəxsləri, “Yüksəliş” və “Üfüq” Karyera İnkişaf Proqramının İşçi Qrupunun üzvləri, mütəxəssislər və media nümayəndələri iştirak ediblər.

Qeyd edilib ki, Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən təşkil olunan “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqədə Nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlarda inzibati vəzifə tutan, ali təhsilli 2 771 nəfər qeydiyyatdan keçib, onlardan 2 327 nəfər onlayn seçim – ümumi biliklərin qiymətləndirilməsi mərhələsində iştirak edib. İkinci mərhələdə uğur əldə etmiş 1 331 namizəd növbəti mərhələyə keçib. Əyani seçim, yəni qabiliyyət üzrə imtahanda iştirak edən 1 124 nəfərdən 205 nəfəri final mərhələsində iştirak hüququ qazanıb.

Finalda müsabiqənin əvvəlki üç mərhələsini uğurla başa vuran 191 nəfər iştirakçı mübarizə aparıb. Müsabiqənin final mərhəsi “qiymətləndirmə konfransı” (“assessment conference”) formatında keçirilib. ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılan bu format böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur. İştirakçıların mübarizəsi müxtəlif keyslər üzərindən davam edib və onların 6 səriştəsi – liderlik, komandada işləmək, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, strateji düşünmək, nəticələrə yönəlmək və effektivliyin idarə edilməsi bacarıqları ekspertlər tərəfindən qiymətləndirilir. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın kənd təsərrüfatı, insan resursları, idarəetmə və yenidənqurma sahələrini ehtiva edir.

Müsabiqənin nəticələri 3 iş günü ərzində açıqlanacaq və qalib gələn 25 iştirakçı fərdi inkişaf proqramına cəlb olunacaq, müxtəlif təlimlər, kouçinq sessiyaları, komanda quruculuğu tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin idarəçi rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi Kənd Təsərrüfatı Nazirliyində intellektual səviyyəsi yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və onların karyera inkişafına şərait yaratmaqdır.

FOTO: Mircavid Eminoğlu

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir