İran-İsrail müharibəsinin qızğın vaxtında Paşinyan Türkiyəyə niyə getdi? – ŞOK SƏBƏBLƏR
Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. İki liderin məhdud tərkibdə görüşü İstanbulda, Dolmabağça sarayında keçirilib.
Maraqlıdır görəsən, Yaxın Şərqdə vəziyyətin bu qədər qarışıq olduğu bir vaxtda Nikol Paşinyan Türkiyəyə niyə yollandı? Onun Ərdoğandan istəyi nə oldu? Turkustan.az olaraq bu suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.
Oqtay Qasımov
Nikol Paşinyanın səfəri ilə bağı məlumatlar hələ İran-İsrail müharibəsi başlamadan öncə var idi. Yəni, əvvəlcədən planlaşdırılmışdı. Paşinyanın səfərinin səbəblərinə gəldikdə isə bunun 2 əsas səbəbi var. Bunlar həm daxili, həm də xarici səbəblərdir. Belə ki, Paşinyan hazırda Ermənistanda kifayət qədər təzyiqlərlə üz-üzədir. Müxalifət ona qarşı impiçment başlatmaq istəyir. Doğrudur, bunun ciddi nəticə verəcəyi şübhə altındadır. Digər tərəfdən Paşinyanla Erməni kilsəsi arasında münasibət getdikcə kəskinləşir və bu qüvvələr hamısı birlikdə Paşinyanı devirməyə çalışırlar. Məlumdur ki, gələn ilin iyununda Ermənistan parlament seçkiləri keçiriləcək, Paşinyan da məhz bu seçkilərdə məğlub olmamamaq üçün bütün imkanlarını səfərbər edir, seçkilərə qədər Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. Xarici səbəblərə gəldikdə isə, Rusiyanın Ermənistana təzyiqləri artmaqdadır. Həmçinin Paşinyan artıq nə ABŞ-dan nə də Avropa İttifaqından umduğu dəstəyi ala bilmir. Çünki, Trampın başı daha böyük problemlərə qarışıb. Ermənistanın ən böyük dəstəkçisi sayılanın İranın da bu vəziyyətdə olması Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılmasını ciddi zərurətə çevirib. Bu səfərdə də ikitərəfli münasibətlər, Qafqazdakı hadisələr, Zəngilən məsələsi, eləcə də Azərbaycan-Ermənistan arasındakı sülh məsələsi müzakirə olunub.
Aytən Yaşar Turkustan.az
Mənbə: Turkustan.Az