AMEA-da “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpozium keçirilir
bdmxeber.az science.gov.az-a istinadən xəbər verir ki, iyunun 20-də Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.
Əvvəlcə tədbir iştirakçıları MEK-in foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzərək, görkəmli dövlət xadiminin əziz xatirəsini ehtiramla yad ediblər.
Simpoziumda dövlət və hökümət rəsmiləri, beynəlxalq qurumların rəhbərləri, Türkiyənin müxtəlif elmi müəssisələrini və universitetlərini təmsil edən nümayəndə heyəti, elm xadimləri, ictimaiyyət nümayəndələri, KİV mənsubları və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq beynəlxalq simpoziumun AMEA-nın 80 illik fəaliyyəti ərzində bu elm ocağının Türkiyə Elmlər Akademiyası ilə keçirdiyi ilk birgə tədbir kimi böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə ifadə etdiyi “Bir millət, iki dövlət” ifadəsi qardaş Türkiyə və Azərbaycanın birlikdə dünyaya nümayiş etdirdiyi qardaşlıq nümunəsinin, türk dünyası ölkələrinin sarsılmaz birliyinin əyani sübutudur. Eyni zamanda, bu tədbir AR Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası kontekstində xüsusi əhəmiyyətə malikdir.
Akademik İsa Həbibbəyli tədbirin Türkiyə elmi qurumları ilə mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinə, yeni ortaq elmi layihələrin formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. İki nüfuzlu elmi qurumun – Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmlər Akademiyasının Bakıda təşkil etdiyi birgə simpoziumun digər türk dövlətlərinin elmi qurumları üçün də örnək xarakteri daşıdığını deyib.
Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” fikrinə istinad edən alim, Azərbaycanda uzun illər ərzində formalaşmış, zəngin ənənəyə malik türkologiya elmi və türk dünyası ilə əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
AMEA-nın bütün elmi-tədqiqat institutlarında türkologiya ilə bağlı şöbələrin yaradıldığını deyən AMEA rəhbəri, bu istiqamətdə yeni prioritet istiqamətlərin formalaşdığını, perspektivlərin müəyyənləşdirildiyini nəzərə çatdırıb. O, Türk dünyası ilə əlaqələrin dinamik şəkildə genişləndiyini vurğularaq, yeni mərhələdə Akademiyanın ilk əməkdaşlıq müqaviləsinin məhz Türkiyə Elmlər Akademiyası ilə imzalandığını xatırladıb. Bildirib ki, AMEA-nın ilk daxil olduğu beynəlxalq elmi təşkilat da Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasıdır.
AMEA prezidentinin sözlərinə görə, Azərbaycan və Türkiyə yalnız daxili siyasətdə və ikitərəfli münasibətlərdə deyil, həmçinin beynəlxalq arenada da sözün əsl mənasında birlik və həmrəylik nümayiş etdirir. O, bildirib ki, iki dövlət başçısının qarşılıqlı hörmətə, səmimiyyətə və ortaq strateji maraqlara əsaslanan münasibəti, vahid mövqedən çıxış etməsi bütün elmi qurumlar, eləcə də hər iki xalq üçün böyük örnəkdir.
Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qardaş ölkənin təbii fəlakətdən ciddi zərər görmüş bölgələrindən biri olan Kahramanmaraş şəhərində baş tutan “Azərbaycan” məhəlləsinin açılış tədbirinin əhəmiyyətinə toxunub. Bu hadisənin təkcə fiziki bərpa layihəsi deyil, eyni zamanda Azərbaycan və Türkiyə arasında siyasi, mədəni və mənəvi birliyin, dərinləşən inteqrasiyanın simvolik ifadəsi olduğunu qeyd edib.
“Bu gün keçirilən simpozium Azərbaycan və Türkiyə elminin Türk dünyası birliyinə verdiyi ortaq töhfənin parlaq təzahürü kimi xüsusi əhəmiyyət kəsb edir”, – deyə bildirən AMEA rəhbəri tədbir çərçivəsində aparılacaq müzakirələrin və əldə ediləcək elmi nəticələrin beynəlxalq siyasi arenada qarşıda duran vəzifələrin müəyyənləşdirilməsində elmin rolunu, onun açdığı yolları və strateji hədəfləri ortaya qoyacağını söyləyib.
O, bu simpoziumun Azərbaycan-Türkiyə elmi əməkdaşlığının möhkəmlənməsinə, çoxillik dostluq ənənələrinə əsaslanan birliyin daha da gücləndirilməsinə xidmət etdiyini vurğulayaraq, bu əlaqələrin daha da inkişaf edəcəyinə, davamlı olacağına inamını bildirib.
Çıxışının sonunda AMEA prezidenti simpoziumun materiallarının elmi məqalələr toplusu şəklində Türkiyədə kitab halında nəşr olunacağını diqqətə çatdırıb.
Sonra çıxış edən Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor Müzəffər Şəkər Azərbaycanla Türkiyənin “Bir millət, iki dövlət” prinsipi əsasında formalaşan dostluq münasibətləri fonunda doğma Azərbaycanda olmaqdan böyük məmnunluq duyduğunu bildirib.
Professor Müzəffər Şəkər qeyd edib ki, AMEA ilə Türkiyə Elmlər Akademiyası arasında formalaşmış səmimi qardaşlıq münasibətləri qarşılıqlı təşəbbüs olmadan da görüş və əməkdaşlıqların həyata keçirilməsi baxımından türk dövlətləri və digər beynəlxalq elmi qurumlar üçün nümunəvi əməkdaşlıq modeli kimi çıxış edir. O, yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illiyi münasibətilə təbriklərini çatdırıb, bu elm ocağının ölkədə elmin inkişafı, bu sahədə fəaliyyətin təşkili və yüksəkixtisaslı kadrların hazırlanmasında rolunu xüsusi qeyd edib.
TÜBA prezidenti qlobal səviyyədə gərgin siyasi proseslərin dərinləşdiyi və dövlətlərarası münasibətlərdə ziddiyyətlərin artdığı bir zamanda Azərbaycan və Türkiyənin nümayiş etdirdiyi dostluq, həmrəylik və sülh təşəbbüslərini təqdirəlayiq nümunə kimi qiymətləndirib. Bildirib ki, bu istiqamətdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi iradə və strateji baxış bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
O, həmçinin 2025-ci il iyun ayının 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir araya gəlməsini regional və qlobal miqyasda sülhə, qardaşlığa və əməkdaşlığa yönəlmiş açıq bir mesaj kimi dəyərləndirib. Alim hazırkı qlobal siyasi gərginliklərin aradan qaldırılmasında elmlər akademiyalarında aparılan fundamental siyasi tədqiqatların və elmi təhlillərin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
TÜBA prezidenti Ulu Öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinə dair müdrik fikirlərini və yolgöstərici tövsiyələrini əks etdirən, akademik İsa Həbibbəylinin “Ön söz” müəllifi olduğu “Bir millət, iki dövlət. Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında nitqləri və çıxışları” adlı nəşrin əhəmiyyətindən bəhs edərək, kitabın gələcək nəsillərə ötürüləcək mühüm strateji yaddaş nümunəsi kimi qorunmasının zəruriliyinə toxunub.
Professor Müzəffər Şəkər qeyd edib ki, “Azərbaycan və Türkiyə dünya siyasətində” adlı beynəlxalq simpozium müasir dövrdə mövcud olan qlobal problemlərə işıq salınması baxımından geniş imkanlara malikdir. O, bu kimi tədbirlərin müxtəlif ölkələrin beynəlxalq səviyyədə birgə fəaliyyət göstərməsi və qarşılıqlı dəstək göstərməsi üçün mühüm platforma rolunu oynadığını vurğulayıb.
Tədbirdə Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti, TÜBA Beynəlxalq Əlaqələr İşçi Qrupunun sədri professor Əhməd Nuri Yurdusev çıxış edərək beynəlxalq simpoziumda iştirakından məmnunluğunu ifadə edib.
O, rəhbərlik etdiyi Assosiasiyanın əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək, Azərbaycan və Türkiyə Elmlər Akademiyaları ilə mövcud elmi əməkdaşlıq əlaqələrinin önəmini diqqətə çatdırıb.
Professor Əhməd Nuri Yurdusev beynəlxalq tədbirin iki qardaş ölkə – Azərbaycan və Türkiyə arasında elmi və strateji münasibətlərin daha da möhkəmlənməsinə, eləcə də xalqlar arasında qarşılıqlı anlaşma və tərəfdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Assosiasiya prezidenti elmi əməkdaşlığın qlobal səviyyədə gücləndirilməsinin və ortaq elmi təşəbbüslərin genişləndirilməsinin bütün bölgə üçün əhəmiyyətli nəticələr doğura biləcəyini qeyd edib.
Bakıda növbəti dəfə səfərdə olmaqdan məmnunluğunu ifadə edən professor Əhməd Nuri Yurdusev simpoziumun işinə uğurlar arzulayıb.
Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək Azərbaycan və Türkiyə kimi iki qardaş ölkənin ortaq tarixi, mədəniyyəti və strateji əməkdaşlığı əsasında təşkil olunmuş “Azərbaycan və Türkiyə dünya siyasətində” adlı simpoziumunun birgə elmi müzakirələr aparmaq, həmçinin ortaq gələcəyimizi formalaşdırmaq baxımından əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb.
“Türk Mədəniyyəti və İrsi Fondu olaraq bizim əsas məqsədimiz Türk xalqları arasında ortaq dəyərlərin qorunması, zəngin elmi-mədəni irsimizin tanıdılması və bu irsin gələcək nəsillərə ötürülməsidir”, – deyən Aktotı Raimkulova Fondun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, Qazaxıstan Respublikasının, Qırğız Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət başçılarının dəstəyi ilə 2012-ci ildə yaradıldığını diqqətə çatdırıb. O, Türk Mədəniyyəti və İrsi Fondunun qardaş ölkələr arasında elmi-mədəni inteqrasiyanın gücləndirilməsinə böyük önəm verdiyini söyləyib.
Azərbaycan və Türkiyənin təkcə coğrafi deyil, həm də mənəvi və mədəni baxımdan bir-birinə bağlı olduğunu deyən Aktotı Raimkulova vurğulayıb ki, bu iki ölkə arasında strateji tərəfdaşlıq Türk dünyasının bütövlüyü üçün mühüm nümunədir.
O, Türk Mədəniyyəti və İrsi Fondunun akademik İsa Həbibəylinin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası və onun nəzdindəki müxtəlif institutlarla sıx əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, hazırda Fond AMEA ilə birgə 2026-cı ildə Bakıda keçiriləcək və türkologiyanın inkişafında əlamətdar bir hadisə olacaq Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə simpoziuma hazırlıq işlərini fəal şəkildə aparır.
Aktotı Raimkulova beynəlxalq simpoziumun yeni ideyalar üçün ilham mənbəyi olacağına, Azərbaycan və Türkiyə alimləri arasında əməkdaşlığı daha da möhkəmləndirəcəyinə və Türk dünyasının qlobal mədəni-siyasi mövqeyinin güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Türkiyənin ölkəmizdəki səfiri professor Birol Akgün Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq münasibətlərindən danışaraq, hər iki ölkənin dünya siyasətində artan roluna və birgə mövqelərinin əhəmiyyətinə toxunub. Səfir bildirib ki, zəngin türk mənəviyyatını, ortaq mədəni dəyərləri qorumaq, ortaq keçmişimizin dünənindən bu gününə, bu günündən də gələcəyə ötürülməsini təmin etmək hazırda çox vacib məsələdir.
Professor Birol Akgün qeyd edib ki, Türk dünyası tarix boyu problem və sınaqlarla üzləşib, lakin dil, mədəniyyət və kimliyə münasibətini heç vaxt dəyişməyib. Min il tarixi olan türk irsinin əksini bu gün Orta Asiyadan Balkan yarımadasına qədər geniş bir ərazidə görmək olar.
O, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın elmi müzakirələr platforması olmaqla yanaşı, həm də xalqların taleyinin əks olunduğu məkana çevrildiyini söyləyib. Səfir 100 il sonra Birinci Türkoloji Qurultayın yubileyinin yenidən Bakıda təşkil edilməsinin tarixi əhəmiyyətini qeyd edib.
“Türk dünyası, tarixi və mədəni kökləri ortaq olan, müxtəlif coğrafi ərazilərdə yaşayan Türk xalqlarının böyük bir ailəsini təşkil edir”, – deyən Birol Akgün Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində əməli addımların atıldığını bildirib.
Səfir Türk dünyası ortaq tarix dərsliklərinin nəşri, Türk dünyasının Ortaq Termin Birliyinin yaradılması, Türk dünyası üçün əlifbanın yaradılması kimi məsələlərin müasir dövrdə önəmini qeyd edib, simpoziumun işinə uğurlar arzulayıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva “Bir millət, iki dövlət” prizmasından Azərbaycan-Türkiyə münasibətləri: dünən, bu gün və sabah”, Orta Şərq Texniki Universitetinin professoru Meliha Altunışık “Türkiyə və Türk Dövlətləri Təşkilatı: Avrasiyada regionalizm, kimlik və strateji uyğunluq” mövzusunda məruzələrlə çıxış ediblər.
Daha sonra türk dilində AMEA-nın “Elm” nəşriyyatında çap olunmuş “Bir millət, iki dövlət. Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında nitqləri və çıxışları” adlı kitabın təqdimatı olub.
Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov kitab barədə məlumat verərək bildirib ki, nəşrə “Ön söz”ü AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yazıb. O, kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında nitqlərinin, çıxışlarının, müdrik və əhəmiyyətli məsləhətlərinin türk dilində yer aldığını diqqətə çatdırıb.
Daha sonra simpozium öz işini bölmə iclasları ilə davam etdirib.
Qeyd edək ki, beynəlxalq tədbir iyunun 22-də başa çatacaq.