Gəncə rəhbərliyinə Müstəqil Dövlətlər Birliyinin “İdman Paytaxtı” seçilməsi ilə bağlı sertifikat təqdim edilib
Sentyabrda keçiriləcək III MDB Oyunlarına hazırlaşan Gəncənin 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) “İdman Paytaxtı” seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib.
“Report” Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinə istinadən xəbər veir ki, Gəncə Şəhər İcra Hakimiyyəti, GİN tərəfindən təşkil edilən tədbir Heydər Əliyev Park-Kompleksində baş tutub.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, dahi liderin əziz xatirəsi ehtiramla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzindən “Zəfər Tağı”nadək olan məsafədə müxtəlif idman növləri üzrə idmançıların nümunəvi çıxışları nümayiş olunub. Sonra Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx təqdim edilib.
Qeyd edək ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və MDB İcraiyyə Komitəsinin İctimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini Manuçehr Hojizoda çıxış ediblər. Ardınca Gəncənin 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin “İdman Paytaxtı” seçilməsi ilə bağlı sertifikat şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təqdim olunub.
Mənbə: Report.Az