GÜNDƏM

Azərbaycan iki od arasında – Bakı tarixi qərar verə bilər

İran–İsrail gərginliyi tarixinin ən pik nöqtəsinə çatıb. Yaxın Şərqdə uzun illərdir davam edən bu qarşıdurma yalnız iki dövlət arasında münasibətlərin pozulması ilə yekunlaşmır, eyni zamanda regionun geosiyasi balansına təsir göstərir və qonşu ölkələrin xarici siyasət kurslarında müəyyən dəyişikliklərə səbəb olur.

Bu kontekstdə Cənubi Qafqazın əsas geosiyasi aktorlarından olan Azərbaycan Respublikasının mövqeyi və həyata keçirdiyi balanslı xarici siyasət xüsusilə diqqət çəkir.

Azərbaycanın həm qonşu İran, həm də strateji tərəfdaşı İsraillə münasibətləri tarazlıq prinsipi üzərində qurması, regional təhlükəsizlik baxımından hansı nəticələrə yol aça bilər? İran–İsrail qarşıdurması fonunda Azərbaycanın xarici siyasət strategiyası hansı əsaslara söykənir?

Globalinfo.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib ki, Yaxın Şərqdə İran–İsrail münasibətlərində artan gərginlik və regionda müşahidə olunan mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın tutduğu mövqe və apardığı xarici siyasət bir daha diqqət mərkəzinə düşür:

“Azərbaycan uzun illərdir ki, həm İran, həm də İsraillə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq münasibətləri formalaşdırıb. Hər iki tərəflə siyasi, iqtisadi və mədəni əlaqələrin balanslı şəkildə qorunması ölkəmizi potensial vasitəçi aktora çevirə bilər. Tarix boyu bu istiqamətdə müəyyən təmasların mövcudluğu ilə bağlı yayılan qeyri-rəsmi məlumatlar da Azərbaycanın regional diplomatiyada etibarlı tərəfdaş statusunu gücləndirir.

Aytən Qurbanova

Lakin dəyişən təhlükəsizlik mühiti bu proseslərə mənfi təsir göstərə bilər. İranın İsrail–Azərbaycan münasibətlərindən narahatlıq keçirməsi, sərhəddə təşkil etdiyi hərbi təlimlər, habelə İsrailin İranın nüvə proqramına qarşı sərt mövqeyi və həyata keçirdiyi əməliyyatlar birbaşa diplomatik təşəbbüsləri məhdudlaşdırır.

Belə bir şəraitdə tərəflər arasında birbaşa dialoqun çətin olduğu halda, Azərbaycanın dolayı diplomatik kanallar vasitəsilə neytral və etibarlı vasitəçi rolunu üzərinə götürməsi mümkündür. Lakin bu istiqamətdə real irəliləyiş, ilk növbədə, tərəflərin nümayiş etdirəcəyi siyasi iradədən asılı olacaq.”









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir