Kürdəmir rayon prokurorluğunda “Açıq Qapı” günü keçirilib
Kürdəmir rayon prokurorluğunda bu gün “Açıq Qapı” günü keçirilib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəallar iştirak ediblər.
Qeyd edilib ki, tədbirin məqsədi vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə daha yaxından tanış olması, hüquqi maarifləndirmənin artırılması və şəffaflığın təşviqidir.
Tədbirdə çıxış edən Kürdəmir rayon prokuroru Tural İbrahimov prokurorluğun fəaliyyəti və islahatlar barədə iştirakçılara məlumat verib. O, belə tədbirlərin hüquqi biliklərin artırılmasında mühüm rol oynadığını, şəffaflıqla yanaşı, vətəndaş hüquqlarının müdafiəsinin də prokurorluğun əsas prioritetlərindən olduğunu vurğulayıb. T.İbrahimov rayon prokurorluğunun gündəlik işi, səlahiyyətləri və vətəndaşlarla ünsiyyət prinsiplərindən ətraflı bəhs edib.
Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq sistemində aparılan islahatlardan danışaraq, bu dəyişikliklərin şəffaflığı artırmaq, hüquqi təminatları gücləndirmək və vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıdığını diqqətə çatdırıb. O həmçinin ictimaiyyətlə əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərə toxunub.
Tədbir çərçivəsində digər prokurorluq əməkdaşları da çıxış edərək öz sahələri üzrə təcrübə və biliklərini iştirakçılarla bölüşüblər. Qonaqlar prokurorluğun iş prosesi, hüquqi prosedurlar və vətəndaş müraciətlərinə baxılması qaydaları ilə bağlı məlumatlandırılıblar.
Daha sonra iştirakçılara prokurorluq əməkdaşlarının gündəlik fəaliyyətindən bəhs edən “Valideynimin peşəsi” adlı qısa metrajlı film nümayiş etdirilib. Tədbirin interaktiv hissəsində iştirakçıların hüquq mövzusunda sualları cavablandırılıb.
Ardınca prokurorluğun yeni inzibati binası ilə tanışlıq turu təşkil olunub. Qonaqlara əməkdaşlar üçün yaradılmış müasir iş şəraiti, “Elektron prokurorluq” sistemi, kriminalistik avtomobil və texniki avadanlıqlar təqdim olunub. Eyni zamanda, istintaq proseslərində müasir texnologiyaların tətbiqi barədə ətraflı məlumat verilib.
Sonda iştirakçılarla xatirə fotoşəkli çəkilib.








Mənbə: Report.Az