Hərbi liseydən məzun olan kursant: Gələcəkdə Azərbaycan Ordusunda ləyaqətli zabit olmaq istəyirəm
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydən məzun olan kursant Rəsul Məmmədov bildirib ki, təhsilini davam etdirərək Azərbaycan Ordusunda zabit kimi xidmət etmək istəyir.
O, bu sözləri “Report”a açıqlamasında Hərbi Liseyin 53-cü buraxılış mərasimi zamanı təşkil olunan mediatur zamanı deyib.
Rəsul Məmmədov məzun günü münasibəti ilə kursant yoldaşlarını təbrik edib:
“Bu gün Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 53-cü buraxılış mərasimi keçirildi. Bu liseydən məzun olduğum üçün sevincliyəm. Bütün kursant yoldaşlarımı təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzu edirəm. Bizə iki il ərzində dəstək olan Vətən müharibəsi iştirakçısı polkovnik Anar Mirzəyevə təşəkkür edirəm”.
Rəsul Məmmədov əlavə edib ki, ali hərbi institutda təhsilini davam etdirərək gələcəkdə Azərbaycan Ordusunda seçdiyi sahə üzrə xidmət etmək istəyir:
“Bizim hərbi ilə yanaşı digər biliklərə də yiyələnməyimizdə müəllimlərimizin, zabitlərimizin rolu böyükdür. Onlara təşəkkür edirəm. Hərbi institutda təhsilimi davam etdirərək gələcəkdə Azərbaycan Ordusuna ləyaqətli zabit olmağa çalışacam”.
Mənbə: Report.Az