Astarada arxeoloji qazıntılar nəticəsində XIV əsrə aid memarlıq elementləri aşkarlanıb
Astara rayonunda arxeoloji qazıntılar nəticəsində yeni nümunələr və elementlər aşkarlanıb.
“Report”un Cənub bürosunun məlumatına görə, arxeoloji qazıntıların aparıldığı Əlişa qalasında yeni tapıntılar aşkar olunub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu arxeoloji ekspedisiyası tərəfindən Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında aparılan arxeoloji qazıntılar bu il iyunun 2-dən etibarən davam etdirilir.
Qazıntılar nəticəsində XIV əsrə aid şirəli və şirəsiz keramika nümunələri, kaşı fraqmentləri, su təsərrüfatı qurğuları və memarlıq elementləri üzə çıxıb. Qazıntılara tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbərliyi ilə ekspedisiya qrupu nəzarət edir.
Ümumilikdə 500 kvadrat metr sahədə aparılan qazıntılar nəticəsində iki divar qatı və otaq strukturları müəyyən edilib, qədim su hövzəsi ətrafında üç su qurğusu və saxsı boru xətləri aşkarlanıb, qalanın iç sahəsində bişmiş kərpicdən inşa olunmuş, döşəməsi yonulmuş daşlarla örtülmüş tikili üzə çıxarılıb, tünd rəngli, miniatür naxışlarla bəzədilən XII-XIV əsrə aid kaşı və keramika fraqmentləri tapılıb.
Hirkan Dövlət Təbiət Qoruğunun girişində, strateji yüksəklikdə yerləşən Əlişa qalası elmi cəhətdən indiyədək tədqiq olunmayan abidədir. İlkin qazıntılara 2023-cü ilin sentyabr ayında başlanılıb və hazırda tədqiqatlar intensiv şəkildə davam etdirilir.
Əlişa qalasında aparılan tədqiqatlar bölgənin qədim və orta əsrlərə aid mədəni-tarixi irsini daha dərindən öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, qalanın turizm potensialı da artır. Bu səbəbdən, ziyarətçilərin təhlükəsizliyi, həm də ekspedisiyanın rahat fəaliyyəti üçün yol infrastrukturu yaradılır.
Mənbə: Report.Az