GÜNDƏM

Baş nazir Ünal Üstel Beynəlxalq Diaspora Mərkəzinin guşəsini ziyarət etdi

bdmxeber.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində II Türk Ticarət Sərgisi – Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi keçirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və “ROK Expo” şirkətinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində II Türk Ticarət Sərgisi – Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi keçirilir.

Türk Ticarət Sərgisi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasını əhatə edən, ticarət, sənaye, investisiya, texnologiya və xidmət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və bu xidmətlərin dünya bazarlarına çıxarılmasını hədəfləyən, 8 ölkənin dövlət qurumları tərəfindən dəstəklənən mühüm bir platformadır. Bu sərgi türk dövlətlərinin iş dünyasının ən böyük görüşlərindən biri hesab olunur.

Beynəlxalq Diaspora Mərkəzi sərgidə təmsil olunur

Beynəlxalq Diaspora Mərkəzi (BDM) bu əhəmiyyətli tədbirdə öz guşəsi ilə təmsil olunmuşdur. Sərgi müddətində BDM tərəfindən “Qərbi Azərbaycana Qayıdış”, Azərbaycan diasporunun fəaliyyəti və türkdilli ölkələrdə görülən diaspor işləri ictimaiyyətə təqdim olunmuşdur.

BDM-nin guşəsində Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, İrəvan xanlığının bayrağı, türkdilli ölkələrin və tarixdə mövcud olmuş türk dövlətlərinin bayraqları nümayiş etdirilir. Eyni zamanda, Beynəlxalq Diaspora Mərkəzinin fəaliyyəti ilə bağlı məlumatları əhatə edən buklet və flayerlər sərgi ziyarətçilərinə təqdim olunur.

Sərginin ilk günündən etibarən BDM-nin guşəsinə ziyarətçilər tərəfindən böyük maraq göstərilmişdir. Sərginin ikinci günündə guşənin təqdimatına Beynəlxalq Diaspora Mərkəzinin Gənclər Departamentinin üzvü Uğur Ağa rəhbərlik etmişdir.

Yüksək səviyyəli qonaqların BDM guşəsinə marağı

Gələn qonaqlar arasında tədbirin təşkilat komitəsinin rəhbərləri, millət vəkilləri, mətbuat nümayəndələri və ictimai elm xadimləri də yer almışdır. Bu günkü ziyarətçilər arasında Şimali Kipr Türk Respublikasının Baş naziri, hörmətli Ünal Üstel də olmuşdur.

Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev cənab Baş naziri guşə ilə tanış etmiş və Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, Türk Ticarət Sərgisi bir daha sübut edir ki, bu uğurlar ölkə rəhbərimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin və qardaş türk dövlətləri ilə möhkəm münasibətlərin nəticəsidir.

Baş nazir Ünal Üstel də səmimi münasibətə və Şimali Kipr Türk Respublikasına göstərilən hərtərəfli dəstəyə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirmiş, bu cür sərgilərin mütəmadi keçirilməsinin vacibliyini vurğulamışdır.

Görüşün sonunda Baş nazir BDM üzvləri ilə xatirə şəkli çəkdirmiş, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev tərəfindən ona İrəvan xanlığının bayrağı hədiyyə olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir