DÜNYA

Qazaxıstan XİN başçısı İrana rəsmi səfərə gəlib

İran tərəfinin dəvəti ilə Qazaxıstanın Baş nazir müavini – xarici işlər naziri Murat Nurtleu İrana rəsmi səfərə gəlib.

“Report”un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan xarici siyasət idarəsinin başçısını İran Prezidenti Məsud Pezeşkian qəbul edib.

“Tərəflər Qazaxıstan – İran əməkdaşlığının aktual məsələlərini müzakirə edərək ikitərəfli münasibətlərin hərtərəfli gücləndirilməsinə yönəldiyini təsdiqləyiblər”, – XİN-dən bildirilib.

Söhbət zamanı xüsusi diqqət ticarət-iqtisadi əməkdaşlığın artırılması məsələlərinə yönəldilib. Tərəflər 2024-cü ilin nəticələrinə görə ikitərəfli ticarət dövriyyəsinin 50 faiz artdığını qeyd edib və onun daha da artırılmasında qarşılıqlı marağı təsdiqləyiblər. Həmçinin nəqliyyat-logistika sahəsində birgə işin perspektivləri, o cümlədən Xəzər dənizinin tranzit potensialından istifadə və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı müzakirə edilib.

Qazaxıstan XİN-dən bildirilib ki, həmsöhbətlər, o cümlədən regional və qlobal gündəm məsələləri üzrə fikir mübadiləsi aparıb, çoxtərəfli strukturlar çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə sadiq olduqlarını təsdiqləyiblər.

“Görüşün sonunda İran lideri Qazaxıstan – İran münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib və onların daha da məzmunlu inkişafına hazır olduğunu ifadə edib. O həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ən xoş arzularını çatdırıb”, – məlumatda deyilir.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir