SİYASƏT

“Euronews” telekanalı Bakıda keçirilmiş islamofobiya ilə mübarizə konfransı barədə süjet hazırlayıb

“Euronews” telekanalı Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransa həsr olunmuş süjet hazırlayıb.

“Report” xəbər verir ki, konfrans bütün dünyada antimüsəlman əhvali-ruhiyyəsinin artmasına həsr olunub.

Telekanalın məlumatına görə, tədbir dinlərarası dialoqun inkişafına, əməkdaşlığın gücləndirilməsinə və qlobal fəaliyyətlərin aktivləşdirilməsinə, o cümlədən islamofobiyanın təzahürlərini izləmək üçün yeni rəqəmsal platformanın yaradılmasına töhfə verib.

“Azərbaycan rəhbərliyi birliyə və BMT qətnamələrinin yerinə yetirilməsinə çağırıb, insan hüquqlarının qorunması və dini dözümlülüyün saxlanılması üçün birgə qərarların zəruriliyini vurğulayıb”, – süjetdə bildirilib.

“Euronews” Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərini sitat gətirib: “İrqçilik, ayrı-seçkilik və nifrətə əsaslanan islamofobiyanın yeni formaları meydana çıxır. Sosial şəbəkələr və bəzi KİV-lər buna böyük töhfə verir. Təəssüf ki, dünyanın müxtəlif bölgələrində radikalizm və ekstremizmə doğru tendensiya, eləcə də mövcud böhranlar və münaqişələr də buna təsir göstərir”.

Daha sonra süjetdə qeyd olunub ki, konfransda 120-dən çox xarici qonaq iştirak edib və onlar insan hüquqlarının qorunması, dözümlülük və sosial ədalətin təmin edilməsi üçün ümumi çağırışla bir araya gəliblər.

“Konfrans dini tədbir olmasa da, bununla belə, dünyanın müxtəlif dini icmalarının bir çox liderlərini bir araya gətirib. Onlar birgəyaşayışın və sosial harmoniyanın əhəmiyyəti məsələlərində həmrəyliklərini ifadə ediblər”, – “Euronews”un aparıcısı Ceyn Uizerspun qeyd edib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir