GÜNDƏM

Bakı Paşinyanın təbrikinə hansı cavabı verəcək? – İrəvanın atmalı olduğu ən vacib addım

Ermənistanın Baş naziri Nikol Paşinyan “X” sosial şəbəkə hesabından Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

“Azərbaycan Respublikasını və xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram”, – Paşinyan bildirib.

Paşinyanın bu addımı sübhəsiz unikaldır. Yəni Ermənistanın əvvəlki liderlərindən heç biri Azərbaycan xalqını bayram münasibətilə təbrik etməyib. Bu baxımdan onun təbriki ilk və müsbət jest kimi qiymətləndirilə bilər.

Bu jest Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqları fonunda müsbət addım kimi görünür. Əgər bu cür diplomatik jestlər davamlılıq qazansa və real siyasi addımlarla müşayiət olunsa, iki ölkə arasında etimadın bərpası və uzunmüddətli sülh üçün zəmin yarana bilər. Lakin bu indiki mərhələdə eyforiyaya qapılmaq və tələsmək doğru olmaz.

Məsələnin məğzi ondan ibarətdir ki, bu kimi mesajlar Bakı üçün yalnız “yumşaq siqnal” xarakteri daşıyır. Yəni Paşinyan bununla Ermənistanın fərqli bir siyasi xətt yürütməyə çalışdığını göstərmək istəyir. Bununla yanaşı, Ermənistan tərəfi beynəlxalq ictimaiyyət qarşısında özünü konstruktiv və dialoqa açıq tərəf kimi təqdim etməyə çalışmış ola bilər. Bu versiya diqqətdən qaçmamalıdır.

Azərbaycan ictimaiyyətində bu jestin müəyyən müsbət qarşılanması mümkün olsa da, dövlət səviyyəsində daha təmkinli və ölçülmüş reaksiya veriləcəyi gözləniləndir. Bakı üçün bu sadəcə ritorik yanaşmadır. Azərbaycan belə jestlərlə “buzları əritmək” niyyətində deyil. Real sülh üçün təkcə təbrik kifayət etmir.

Ermənistan tərəfindən verilən bu cür simvolik mesajlar yalnız o zaman dəyər qazanar ki, onların arxasında real siyasi iradə və dəyişiklik dayansın. Azərbaycan üçün əsas meyar Ermənistan Konstitusiyasında yer alan ərazi iddialarını ehtiva edən maddələrin dəyişdirilməsi, ATƏT-in Minsk Qrupunun ləğvi və sülh müqaviləsinin imzalanmasıdır.

Əgər bu məsələlərdə konkret addımlar atılarsa, bayram təbriki səmimi niyyətin göstəricisi kimi qəbul edilə bilər. Əks halda, bu jestlər yalnız görüntü yaratmaq məqsədi daşıyacaq və ictimai diplomatiya vasitəsi olaraq qalacaq.

Digər tərəfdən, nəzərə alınmalı olan mühüm bir detal da mövcuddur: Paşinyan Qurban bayramı münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və İran Prezidenti Məsud Pezeşkiana birbaşa zəng edərək onları təbrik etdiyi halda, Prezident İlham Əliyevə zəng etmək yerinə sosial şəbəkə üzərindən Azərbaycan xalqını ümumi şəkildə təbrik etməyi üstün tutub.

Əslində, bu, rəsmi Bakının tutduğu haqlı və prinsipial mövqeyin bir daha təsdiqidir. Paşinyan hər nə qədər sülh və əməkdaşlıq istəsə də, Ermənistanın daxili siyasi reallığı, bu ölkəyə kənar təsirlərin güclü olması və ən əsası, siyasi sistemin sülhə dayanıqlı olmaması Bakının hər cür jestə təmkinli yanaşmasına səbəb olur.


Turan Rzayev
Globalinfo.az









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir