İsrail Beyrutdakı hücumların hədəflərini açıqlayıb
İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun cənub ətrafı olan Dahiyeyə iyunun 5-i axşamı endirdiyi zərbələr pilotsuz uçuş aparatları (PUA) zavodlarına və onların anbarlarına yönəlmişdi.
“Report” xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Kats “X” sosial şəbəkəsində bildirib.
“Biz İsrail Baş naziri Binyamin Netanyahu ilə birlikdə İsrail Müdafiə Qüvvələrinə bu axşam Beyrutun Dahiye rayonunun mərkəzində “Hizbullah” terror təşkilatı tərəfindən pilotsuz uçuş aparatlarının istehsalı və saxlanması üçün istifadə olunan binaları hücum edib məhv etmək əmri verdik”, – o yazıb.
Kats eyni zamanda qeyd edib ki, bu hərəkətlər İsrail və Livan arasında atəşkəs rejiminin qorunmasına yönəlib. “Biz atəşkəs qaydalarına güzəşt riayət olunmasını təmin etməyə davam edəcəyik və heç bir tərəfin İsrailin şimal yaşayış məntəqələri və İsrail Dövlətinin bütün vətəndaşları üçün təhdid yaratmasına imkan verməyəcəyik”, – nazir əlavə edib.
Eyni zamanda o, baş verənlərə görə məsuliyyəti Livan hakimiyyətinə həvalə edib. “Biz Livan hökumətini atəşkəsin pozulmasının və İsrail Dövlətinə qarşı yönəlmiş hər hansı terror fəaliyyətinin qabaqlanmasında birbaşa məsul hesab edirik”, – Kats qeyd edib.
Mənbə: Report.Az