Suriya hakimiyyəti BAEA-yə keçmiş nüvə obyektlərinə giriş icazəsi verəcək
Suriyanın yeni hökuməti Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinə Bəşər Əsədin hakimiyyəti dövründə fəaliyyət göstərən şübhəli nüvə obyektlərinə dərhal giriş icazəsi verməyə razılaşıb.
“Report” xəbər verir ki, bu barədə BAEA-nın baş direktoru Rafael Qrossi Associated Press agentliyinə bildirib.
Çərşənbə günü Rafael Qrossi Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şara və Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə danışıqlar aparıb.
Tərəflər Dəməşqdə ərzaq təhlükəsizliyi və xərçənglə mübarizə sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Qrossinin sözlərinə görə, beynəlxalq tənzimləyici keçmişdə baş vermiş və nüvə silahı ilə bağlı ola biləcək bəzi hərəkətlərə tam aydınlıq gətirmək niyyətindədir.
Baş direktor yoxlamaların bir neçə ay ərzində tamamlanacağına ümid etdiyini bildirərək, Suriyanın yeni hökumətini dünyaya açıqlığa və beynəlxalq əməkdaşlığa sadiq adlandırıb.
Qrossinin dediyinə görə, Deyr əz-Zordakı dağıdılmış reaktor, Dəməşqdəki tədqiqat reaktoru və uran konsentratı əməliyyatlarının aparıla biləcəyi Homsdakı obyekt də daxil olmaqla, dörd sahədə yoxlamalar planlaşdırılıb.
Bu obyektlərdə radiasiya sızması əlamətləri olmasa da, beynəlxalq tənzimləyici zənginləşdirilmiş uranın ətrafda qalmasından, təkrar istifadə oluna biləcəyindən, qaçaqmalçılıq yolu ilə çıxarıla və ya satıla biləcəyindən ehtiyat edir.
Mənbə: Report.Az