Elçibəyi silahdaşları satdı: Prezidentin qiyamçı polkovniklə 2 saatlıq görüşündən sonra şok yaşanıb
Azərbaycan tarixində ən qalmaqallı təqvimlərdən biri 4 iyundur. 1993-cü ilin bu günü Gəncədə hərbi qiyam baş verib. Polkovnik Surət Hüseynova bağlı hərbi hissə legitim hökumətə qarşı hərbi qiyam qaldırıb, tabesizlik göstərib.
32 il öncə baş verən bu hadisə hər il eyni tarixdə yad edilir, müzakirələr aparılır. Hələ indiyə kimi nə ovaxtkı hakimiyyət mənsubları, nə də AXC hökumətinə müxalifətdə olmuş qüvvələr həqiqəti söyləmir. Bundan açıq şəkildə yayınırlar. Çünki həqiqəti söyləmək üçün cəsarət lazımdır. Bu məsələdə cəsarət nümayiş etdirmək isə görünür onlara sərf etmir.
4 iyun hadisələri qəfil baş vermədi. Buna doğru uzun yol keçilmişdi. Surət Hüseynov Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, baş nazirin müavini vəzifələrini tuturdu. O, ciddi şəkildə təbliğ olunurdu. Bu təbliğat onun “şişməsinə” səbəb olmuşdu. Üstəlik, iddialar var ki, o və ətrafı Rusiya ilə gizli-aşkar əlaqələr quraraq hakimiyyətə can atırdı. Surət Hüseynovun Rusiyanın (SSRİ-nin) Gəncədə yerləşmiş 104-cü hava-desant diviziyasının komandiri general Valeri Şerbakla intensiv əlaqədə olduğu haqda indiyədək çox deyilib, yazılıb. Bunu özü də etiraf edib.
AXC hökuməti ilə Surətin ilk açıq fikir və mövqe toqquşması 1993-cü ilin əvvəlində yaşandı. AXC İcraiyyə Komitəsinin 9 fevral bəyanatı suları daha da bulandırdı, vəziyyəti bir qədər də gərginləşdirdi. Sözügedən bəyanatda Surət Hüseynov açıq şəkildə xəyanətdə ittiham edilirdi. AXC İK-nin o vaxtkı sədri Fərəc Quliyev Xalq Cəbhəsinin mərkəzi qərargahı qarşısında keçirilən mitinqdə bəyanatı oxudu. İctimaiyyət çaşqın vəziyyətdə prosesləri izləyirdi. Prezidentin Qarabağ bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, baş nazirin müavini, ən əsası Milli Qəhrəman fəxri adını daşıyan Surət Hüseynov xəyanətkar və antimilli ünsür elan edilmişdi.
Ardınca nə baş verdi? Elçibəy hökuməti bu bəyanatı geri oxudu. Surət Hüseynov Bakıya dəvət edildi. Prezident Əbülfəz Elçibəy onu qəbul etdi. 2 saatdan çox aralarında danışıq aparıldı. Hər kəs Surətin həbs ediləcəyini gözləyərkən, o, mükafatlandırıldı: yeni yaradılan yun konserninin rəhbəri təyin edildi. Təsəvvür edin, hökumətin nüvəsini təşkil edən, prezident Elçibəyin sədri olduğu AXC-nin xəyanətkar elan etdiyi bir qiyamçı elə prezident tərəfindən ödülləndirildi. İctimaiyyət bu addımı AXC iqtidarının cəsarətsizliyi və səriştəsizliyi kimi qiymətləndirdi. Amma hakimiyyət ideoloqları bu addımı Surət Hüseynovun neytrallaşdırılması və dövlətin vaxt udması kimi təqdim etdi. O, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilmişdi. Silahlı Qüvvələrdəki mövqeyi zəifləmişdi. Amma nəzarətində hərbi hissə qalırdı. Bu da dövrün bir başqa anormallığı kimi tarixə düşüb, yəqin ki…
Zaman göstərdi ki, bu təyinat Surət Hüseynovu cəsarətləndirdi, gücləndirdi, əl-qolunu açdı. O və ətrafı daha da ürəkləndi. 3 ay sonra – iyunun 4-də qiyama qalxdılar!
AXC iqtidarının ən yüksək vəzifələrində təmsil olunmuş şəxslər 32 ildir bu hadisəyə elə don geyindirirlər, sanki qarşısını almaq mümkün olmaz imiş. Rusiya belə gəldi, İran elə getdi, Qərb belə etdi və sair bəhanə və özünə haqq qazandırmalar… Sadəcə Elçibəy hökuməti bir az cəsarətli tərpənsə idi, 4 iyun qiyamı baş verməyəcəkdi! Bu qiyamın nəticəsi olaraq rayonlar işğal edilməyəcəkdi! Yüz minlərlə azərbaycanlı doğma torpağından didərgin düşməyəcəkdi! Nəhayət, Qarabağ 30 ilə yaxın işğalda qalmayacaqdı!
Əslində, qiyam 1993-cü ilin fevral ayında öz hədəfinə çatmışdı. Elçibəy Surəti qəbul edib, mükafatlandırdığı gün məsələ bitmişdi.
Yeri gəlmişkən, 4 iyun qiyamının ən dəhşətli yanlarından biri də Elçibəy hökumətinin yüksək rütbəli məmurlarının Gəncədə qiyamçılar tərəfindən girov götürülməsidir. Bu haqda ötən ilin bu günü yazmışdım. Dövlət binasında ölkənin baş prokuroru, daxili işlər nazirinin müavini, milli təhlükəsizlik nazirinin 1-ci müavini, kənd təsərrüfatı naziri, Daxili Qoşunların komandanı, Bələdiyyə polisinin rəisi, Üçüncü Korpus komandiri mühasirəyə alınaraq girov götürülür. Heç bir müqavimət göstərilmədən bu adamlar Surətin başıpozuq dəstəsi tərəfindən ovlanırlar. Qiyamçılar Baş prokurorun başına silah dirəyib, Prezident Əbülfəz Elçibəyin həbsinə dair order imzaladırlar.
Hadisənin faciəvi yanı Gəncədə Prezident Qvardiyasının gənc əsgər və zabitlərinin, eləcə də komandan Tahir Məmmədovun Surətin qiyamçıları tərəfindən avtobusda gülləbaran edilmələri idi.
Qiyamçıların yanında kimlər vardı bəs? Elçibəyin devrilməsini, qanuni hökumətin zor gücünə yıxılmasına çalışanlar kimlər idi? Elçibəyin ən yaxın silahdaşı olmuş şəxslər! Etibar Məmmədov, Nemət Pənahlı, Rəhim Qazıyev, Zərdüşt Əlizadə və digərləri bir vaxtlar milli azadlıq hərəkatı və Xalq Cəbhəsi sıralarında Əbülfəz Elçibəylə birlikdə demokratiya və müstəqillik uğrunda mübarizə aparıblar. Təəssüf ki, Surət Hüseynovun vasitəsilə hakimiyyətə gəlmək üçün ən ağır əmələ əl atdılar. Elçibəy hakimiyyətinə qarşı silahlı qiyamçılarla eyni sırada dövlətə qarşı çıxdılar. İtirən isə həm özləri oldu, həm Azərbaycan…
Əbülfəz Elçibəyin israrla Heydər Əliyevi Bakıya, hakimiyyətə dəvət etməsi revanşistlərin planlarını alt-üst etdi. Heydər Əliyevin təcrübəsi, xalq tərəfindən böyük miqyasda dəstəklənməsi, cəmiyyətə təsir imkanlarının genişliyi bu siyasət həvəskarlarını proseslərdən tez bir zamanda uzaqlaşdırdı. Qiyam yatırıldı, vətəndaş müharibəsinin qarşısı alındı.
Heydər Əliyev ardınca cənub bölgəsində Ələkrəm Hümbətovun növbəti qiyamını yatırdı. Şimal bölgəsində isə “Sadval” Azərbaycanı bölmək üçün təşkilatlanmışdı. Rusiya xüsusi xidmət orqanlarının və Kremlin təlimatı ilə yaradılan “Sadval” da böyük məharətlə zərərsizləşdirildi.
İyunun 15-də Ali Sovetin sədri seçilən Heydər Əliyev sürətlə ölkəni toparlamağa çalışdı. Bu dəfə ona qarşı siyasi qiyamı AXC etdi: Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə paytaxt Bakını tərk edərək Kələkiyə üz tutdu. Onun bu addımı ölkəni, hakimiyyəti iflic duruma salmışdı. Ardından AXC tərəfdarları Surət Hüseynova qarşı yox, Heydər Əliyevə qarşı təşkilatlandı. Bu isə olduqca yanlış addım idi. Elçibəyin hökumətdəki bütün adamları vəzifələrini dondurduqlarını bəyan etdilər. Heydər Əliyev Qarabağda ermənilərlə, Bakıda hərbi və siyasi qiyamçılarla baş-başa qalmışdı. “Vəzifə dondurucular” bir-bir, iki-bir Kələkiyə, Rusiyaya, Türkiyəyə və başqa səmtlərə qaçdı. Qiyamçılardan qorxub qaçmayan bir İsa Qəmbər qalmışdı, bir də 7-8 deputat, o qədər də qəzet. Qalan hər kəs müxtəlif bəhanələrlə aradan çıxmışdı.
Hələ də bir məqamı məntiqlə dərk etməkdə çətinlik çəkirəm: AXC ona qarşı qiyam edən Surət Hüseynova qarşı yox, xahişlə, minnətlə Bakıya dəvət etdiyi Heydər Əliyevə qarşı tez bir zamanda müxalifətə keçdi. Əslində H.Əliyev onları ölümdən, terrordan, güllələnməkdən xilas etmişdi. Surət Hüseynova qalmış olsaydı, o, cəbhəçiləri lideri ilə birlikdə öldürərdi. Bunun anonsunu Gəncədə olanda vermişdi. Açıq şəkildə demişdi ki, Azadlıq meydanında dar ağacı quracaq, bütün cənhəçiləri, hakimiyyət təmsilçilərini asacaq! Onu bu fikirdən daşındıran Heydər Əliyev oldu. /globalinfo.az/
Mənbə: Turkustan.Az