Lorens Qonşor: Azərbaycan prezidentinə müstəmləkəçilik probleminə diqqət yetirdiyinə görə minnətdaram
Bakıda “İmperiya strukturu: müstəmləkəçiliyin ideologiyaları və reallıqları” beynəlxalq elmi konfransı çərçivəsində “Müqavimət və dekolonizasiya” mövzusunda panel müzakirəsi keçirilib.
“Report” xəbər verir ki, tədbirdə aparıcı alimlər, hüquq müdafiəçiləri, beynəlxalq hüquqşünaslar, həmçinin dekolonizasiya məsələləri ilə məşğul olan BMT strukturlarını təmsil edən ekspertlər iştirak ediblər.
İştirakçılar müstəmləkəçiliyin müasir təzahürlərini, onun dünyanın müxtəlif regionları üçün nəticələrini müzakirə edib və XXI əsrdə dekolonizasiya proseslərinin irəliləməsinə kömək edən yanaşma və alətlər təklif ediblər.
ADA Universitetinin dosenti Murat Özkaleli müstəmləkə siyasətinə qarşı mübarizədə elmi yanaşmanın vacibliyini qeyd edib.
“Müstəmləkəçiliyə qarşı real mübarizədə təməl kimi elmi sübutlardan istifadə etmək lazımdır. Bizə məlumatlar lazımdır – neçə qadın öldürülüb, neçə məişət zorakılığı halı qeydə alınıb və s.”, – deyə o vurğulayıb.
“Əlcəzair 2” Universitetinin professoru Çakib Benhafri çıxışında ölkələri müstəmləkəçiliyə qarşı mübarizədə səylərini birləşdirməyə çağırıb.
“Qlobal Cənub ölkələri üçün bir-biri ilə qarşılıqlı əlaqədə olmaq, bütün sahələrdə təcrübə mübadiləsi aparmaq son dərəcə vacibdir. Əminəm ki, dünyaya gücümüzü və özünəməxsusluğumuzu nümayiş etdirmək üçün resurslarımız və dəyərlərimiz var”, – deyə o qeyd edib.
Sakit Okeanın Cənub Hissəsi Universitetinin (Fransız Polineziyası) baş müəllimi Lorens Rudolf Qonşor Azərbaycana dekolonizasiya məsələsinə diqqət yetirdiyinə görə təşəkkürünü bildirib.
“Azərbaycana və onun rəhbərliyinə bu məsələyə sadiqliyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Xüsusilə prezident İlham Əliyevin COP29-dakı çıxışını heyranlıqla qeyd etmək istərdim – o, belə əhəmiyyətli beynəlxalq platformada müstəmləkəçilik problemini diqqətsiz qoymadı”, – deyə o bildirib.
Müzakirənin sonunda iştirakçılar qlobal beynəlxalq münasibətlərin yenidən dərk edilməsinin və siyasətdən iqtisadiyyata, elmdən təhsilə və mədəniyyətə qədər bütün sahələrdə müstəmləkə irsinin aradan qaldırılmasına yönəlmiş ədalətli gündəmin formalaşdırılmasının vacibliyini vurğulayıblar.
Foto: Məhəmməd Ağayev







Mənbə: Report.Az