ABŞ-li ekspert: BMT sistemində keçmişdə baş verənləri yenidən qiymətləndirmək üçün mexanizm yoxdur
Bu gün BMT sistemində keçmişdə baş verənləri rəsmi şəkildə yenidən qiymətləndirmək üçün hər hansı bir mexanizm yoxdur.
“Report” xəbər verir ki, bu barədə ABŞ-də idarəçilik üzrə beynəlxalq məsləhətçi Kerlayl Korbin (Carlyle Corbin) Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda danışıb.
O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən kolonializm beynəlxalq hüquq məsələsidir:
“1947-1960-cı illər arasındakı dövr ilk dekolonizasiya mərhələsi olub. 1960-cı ildən 1990-cı ilə qədər olan dövr isə dekolonizasiyanın ikinci mərhələsi hesab olunur. Bu gün də kolonialozmlə mübarizə aparırıq və nəzərə almaq lazımdır ki, biz təslim olmayacağıq. Bildirim ki, 1960-ci ildən sonra dekolonizasiyanın sürətlənmə dövrü başlayıb və bu dövrdə müstəmləkədən əziyyət çəkən ərazilərin əksəriyyəti Karib hövzəsində yerləşirdi.
Ancaq mənim regionumda və ümumilikdə bizim bölgədə 1960-cı illərdən etibarən ilk müstəqillik dalğası yaşandı. Daha sonra isə daha kiçik bir müstəqillik dövrü 1970-1980-ci illərdə baş verdi. Buna görə də, regionda kiçik ada əraziləri ilə bağlı məsələ gündəmə gəldi. Ancaq göründüyü kimi, proses hələ də yekunlaşmayıb”.
Çıxışcı hesab edir ki, bu gün BMT sistemində keçmişdə baş verənləri rəsmi şəkildə yenidən qiymətləndirmək üçün hər hansı bir mexanizm yoxdur:
“Buna görə də kolonializm və dekolonializm tamamilə siyasi bir prosesə çevrilir. Bunlar həm ötən dövrdə, həm də bu gün geosiyasi baxımdan çox mürəkkəb və siyasi baxımdan həssas məsələlərdir. 2002-ci ildən bu günə qədər BMT tərəfindən qəbul edilən qətnamələr, onların tətbiq olunub-olunmayacağından asılı olmayaraq, təkrar-təkrar qəbul olunmaqda davam edir.
Bu isə dekolonizasiya prosesinin əsas problemlərindən birini-tətbiq mexanizminin zəifliyi ortaya qoyur. Biz hələ də kolonial “feminizasiya” dövründəyik, yəni aktiv öz müqəddəratını təyinetmə dövründə deyilik. Kolonizasiya qlobal bir problem, dekolonizasiya isə qlobal məsələdir. Bu, BMT-nin strategiyasının əsas dayaqlarından biridir və mütləq həll edilməlidir”.
Mənbə: Report.Az