ABŞ-də “Azərbaycanın mirası və gələcəyi” adlı tədbir keçirilib
ABŞ-nin Kolorado ştatının Denver şəhərində “Azərbaycanın mirası və gələcəyi” adlı tədbir keçirilib.
“Report”un ABŞ bürosunun məlumatına görə, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Kolorado ştatında fəaliyyət göstərən diaspor təşkilatı tərəfindən təşkil olunub.
Tədbirdə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun nümayəndəsi, konsul Ramiz Daşdəmirov, yerli icma üzvləri, həmçinin türk dünyasını təmsil edən müxtəlif icmaların nümayəndələri iştirak ediblər.
Gecədə Azərbaycanın müstəqillik tarixini əks etdirən qısa film nümayiş olunub.
Tədbirin rəsmi hissəsində çıxış edən diaspor fəalı Nigar Şıxsəfiyeva qonaqlara Azərbaycanın zəngin mədəni irsi və keşməkeşli tarixi barədə geniş məlumat verib. O, Vətəndən uzaqda milli kimliyin qorunmasında və formalaşmasında soydaşlarımızın nümayiş etdirdiyi həmrəyliyin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
R.Daşdəmirov çıxışında Azərbaycan diasporunun Birləşmiş Ştatlarda hər gün daha da gücləndiyini bildirib. O, belə tədbirlərin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.
Kolorado ştatında yaşayan azərbaycanlı məktəblilər vətənpərvərlik ruhunda şeirlər səsləndirib, milli rəqslər təqdim ediblər. Bədii hissədə Azərbaycan musiqiləri ifa olunub.





Mənbə: Report.Az