QƏRBİ AZƏRBAYCAN

Azərbaycan Xalq Cümhuriyyətinin anım günü ilə bağlı ziyarət mərasimi keçirildi

bdmxeber.az xəbər verir ki, 28 may 2025-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 107-ci ildönümü münasibətilə Qərbi Azərbaycan İcmasının Sabunçu rayon nümayəndəliyi, Heydərli icması və Beynəlxalq Diaspor Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı şəhərinin Səbail rayonunda yerləşən Azərbaycan Xalq Cümhuriyyəti abidəsi ziyarət edildi.

Tədbir iştirakçıları abidə önünə qərənfillər düzdülər, Azərbaycan xalqının istiqlal uğrunda göstərdiyi misilsiz fədakarlıqları ehtiramla yad etdilər. Mərasimdə Qərbi Azərbaycan İcmasının Sabunçu rayon nümayəndəliyinin sədri Ələmdar Nəbiyev, Heydərli icmasının sədri, ehtiyatda olan polkovnik Oruc Əliyev, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, Mərkəzin Mədəniyyət Departamentinin rəhbəri, Keşkənd Amağu icmasının sədri Elmira Hüseynova, eləcə də ictimai fəallar Abdullayeva Leyla, Dünyamalıyeva Həyat və Zəkiyyə xanım iştirak edirdilər.

Tədbirin açılışını giriş sözü ilə edən Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev bildirdi: “Bu gün burada, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidə önündə toplaşmaqla yalnız bir dövləti deyil, bir millətin öz tarixinə sahib çıxmaq əzmini yad edirik. 1918-ci ilin 28 mayında elan olunan Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə və müsəlman dünyasında ilk parlamentli respublika olaraq tarixə düşdü. Bu, millətimizin siyasi düşüncəsinin, azadlıq istəyinin və mədəni iradəsinin zirvə nöqtəsi idi.

Cümhuriyyətimizin qurulması heç də asan baş vermədi. Dağılmış imperiyaların içindən çıxan Azərbaycan xalqı, çoxsaylı təhlükələrə, xarici müdaxilələrə və daxili çətinliklərə baxmayaraq, demokratik və hüquqi bir dövlətin əsaslarını qoydu. Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” çağırışı bu gün də bizim üçün ilham və istiqamət mənbəyidir.

Bu gün biz təkcə 28 Mayı qeyd etmirik, eyni zamanda Qərbi azərbaycanlıların tarix boyu bu torpaqlarda yaşadıqları və öz soy-kökünə sahib çıxmaq əzmini də nümayiş etdiririk. Azərbaycanın müstəqilliyi yalnız coğrafi sərhədlərlə ölçülmür, bu, ruhən də müstəqil olmaq deməkdir – və bu ruh bu gün burada yaşayan hər bir insanın qəlbində yaşayır.”

Ələmdar Nəbiyev öz çıxışında vurğuladı: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təkcə bir dövlətin qurulması deyil, eyni zamanda bir xalqın öz gələcəyini öz əllərinə alması idi. Bu, xalqın iradəsi ilə yaranan, millətçilik, bərabərlik və azadlıq prinsipləri üzərində qurulan ilk türk-müsəlman respublikası idi. Ədalətə və insan haqlarına əsaslanan bu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq, qoyduğu siyasi və hüquqi miras bu günkü Azərbaycan dövlətçiliyinin təməlini təşkil edir.

Biz, Qərbi azərbaycanlılar olaraq, bu tarixi daha dərindən hiss edirik. Çünki tarix boyu yaşadığımız məhrumiyyətlərə baxmayaraq, istiqlal ruhunu itirməmişik. Deportasiyalar, sürgünlər, didərginliklər – bütün bunlara rəğmən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin ruhunu içində yaşatmağa davam etdi. Bu gün burada – Azərbaycanın paytaxtında, cümhuriyyətin abidəsi önündə toplaşmağımız, məhz həmin ruhun yaşayaraq bugünkü nəsillərə ötürüldüyünün sübutudur.”

Polkovnik Oruc Əliyev isə çıxışında qeyd etdi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması hərbi baxımdan olduqca çətin bir dövrə təsadüf edirdi. 1918-ci ildə bölgədə mövcud olan xaos, daxili çəkişmələr, xarici dövlətlərin maraq savaşı və Bakının işğal altında olması şəraitində dövlət qurmaq böyük şücaət və cəsarət tələb edirdi. Məhz belə bir zamanda cümhuriyyətin qurucuları milli ordu yaratmağa başladılar və bu ordu xalqımızın təhlükəsizliyinin təminatçısı oldu.

Əsgər çəkməsi geyinib döyüş meydanına atılan minlərlə Azərbaycan övladı bu dövlətin yaşaması üçün canını fəda etdi. Mən bir zabit kimi deyə bilərəm ki, o dövrdə atılan addımlar olmasaydı, bu gün Azərbaycan adlanan bir dövlət xəritədə olmayacaqdı. Bizim vəzifəmiz yalnız o qəhrəmanları yad etmək deyil, həm də onların ideallarını yaşatmaqdır. Qərbi Azərbaycan torpaqları da bizim tarixi vətənimizdir və bir gün həmin yurd yerlərinə qayıdışımız da məhz bu istiqlal ruhu ilə baş tutacaq.”

Elmira Hüseynova, Leyla xanım, Həyat xanım və Zəkiyyə xanımın çıxışları

Elmira Hüseynova qeyd etdi ki, 28 May yalnız dövlət bayramı deyil, milli oyanış və mədəni kimliyin dirçəlişi günüdür. O, mədəni dəyərlərin qorunmasının vacibliyini vurğuladı.

Leyla xanım isə çıxışında qadınlara seçki hüququnun verilməsini Azərbaycan Cümhuriyyətinin nə qədər irəli düşüncəli bir dövlət olduğunu göstərən əsas nümunə kimi qiymətləndirdi.

Həyat xanım 28 May tarixini xalqımızın öz müqəddəratını ilk dəfə müəyyən etdiyi dönüş nöqtəsi adlandırdı.

Zəkiyyə xanım bu cür tədbirlərin gənc nəslə vətənpərvərlik aşılaması və milli yaddaşın qorunması baxımından əhəmiyyətini qeyd etdi.

Tədbirin sonunda abidə önündə xatirə şəkli çəkildi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir