Sürücü əsassız 540 manat cərimələndi – VİDEO
Qazaxdan Bakıya yük gətirən sürücü Aqil Əmirov Səngəçal terminalında yoxlanışdan sonra artıq yük çəkisi diaqnozu qoyularaq cərimələnib. Sürücü isə ona yazılan cərimə ilə razılaşmır.
Turkustan.az xezerxeber.az-a istinadla bildirir ki, Aqil Əmirov yük maşınına yalnız zavodun təyin etdiyi miqdarda beton vurduğunu və buna görə də 540 manatlıq cərimənin qanunsuz olduğunu iddia edir. O qeyd edir ki, idarə etdiyi yük maşını zavod tərəfindən verilən sənədlər əsasında yüklənib və yolda heç bir qanunsuzluq etməyib. Lakin Səngəçal terminalında yük maşını yoxlanıldıqdan sonra buraxılıb. Cərimə tətbiqindən isə bir neçə saat sonra xəbər tutub.
Sürücü normadan artıq yük daşımadığını iddia edərək cərimə protokolunun qanunsuz tərtib edildiyini deyir.
AYNA-dən “Xəzər Xəbər”ə bildirilib ki, avtomobillərin yükgötürmə qabiliyyəti nəqliyyat vasitələrinin oxlarının sayından asılı olaraq müəyyən olunur. İkioxlu nəqliyyat vasitələrində yükgötürmə qabiliyyəti 18, üçoxlu yük maşınlarında 26, dördoxlu avtomobillərdə 32, beşoxlularda isə 40 ton müəyyən edilib.
“Burada müəyyən istisnalar da var. Məsələn, bəzi üçoxlu yük avtomobillərinin yükgötürmə qabiliyyəti 25 ton, aparıcı oxu hava asqısı ilə təchiz olunmuş üçoxlu avtomobillərinin yükgötürmə qabiliyyəti isə 26 tondur. Meyarların hamısı, yəni bütün parametrlər elektron tərəzilərin alqoritmində əks olunub. Yük maşınları elektron tərəzilərdən keçərkən həmin alqoritmlər əsasında ölçmə aparılır. Müvafiq parametrləri aşan yük maşınlarının sürücüləri barəsində hər hansı bir fiziki təmas olmadan, inzibati tənbeh tədbirlərinin görülməsi təmin edilir”,- deyə AYNA-dan bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.
Mənbə: Turkustan.Az