Pomidor “qırmızı qızıl” ola bilər? – “İxracda Rusiyadan asılılıq var”
“Pomidor deyəndə Rusiya yada düşür. Bu sahədə Rusiyadan ixrac asılılığının olması da çox pisdir. Bir bazardan çox asılı olmaq, ixracı ora yönəltmək riskləri artırır. Sabah həmin bazardakı dəyişikliklər, bütün pomidor istixanalarına problem yarada bilər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O, qeyd edib ki, ixrac daxili bazarda qiymətləri artırsa da, istənilən halda ixrac fermerin gəlirini də artırır:
“Təkcə aqrar sahənin deyil, ixraca yönəlik bütün sahələrin inkişaf etdirilməsi ölkəyə xeyirdir. Bu ölkənin sərvətini, ölkənin ümumi daxili məhsulunu artırır. Azərbaycanda məhsul istehsal ediləndə yerli vətəndaşlar işləyir və qazanır. İstər pomidor olsun, istərsə də digər sahələr məhsullar olsun, istənilən ixrac ölkənin sərvətini artırır. Düzdü, ixrac daxili bazarda qiymətləri artırır. Amma istənilən halda ixrac fermerin gəlirini də artırır. Fermerin, sahibkarın gəlirinin artması isə həmin sahəyə marağı artırır. Artıq digər insanlar da həmin sahəyə investisiya qoymağa çalışırlar. ABŞ və Çinin boğuşmasının səbəbi də məhz budur. Amerika görür ki, əvvəlki kimi məhsul ixracı edə bilmir və idxaldan asılılıq artır. Bu isə o deməkdir ki, sabahı gün hansısa bir təhlükəsizlik problemi yarandığı zaman ABŞ xarici ölkələrdən asılı ola bilər. Son “ticarət müharibələri”nin səbəbləri də budur”.
Ekspert diqqətə çatdırıb ki, ixraca mane olan faktorlar mütləq şəkildə aradan qaldırılmalıdır:
“Azərbaycanın əsas uğursuzluqlarının səbəbi odur ki, qeyri-neft sektorunun payını kifayət qədər artıra bilmir. Azərbaycan qeyri-neft ixracı 3.6 milyard dollardır. Bu Gürcüstandan da, Ermənistandan da dəfələrlə azdır. Adambaşına düşən qeyri-neft ixracı da qonşu ölkələrdən dəfələrlə aşağıdır. Bu sahədə uğursuzluq yaşayırıq. Bizim əsas məqsədimiz ixraca yönəlik sahələrin inkişaf etdirilməsidir. Hökumət bu sahələrə xüsusi diqqət yetirməlidir. Onların inkişafına mane olan faktorları aradan qaldırmalıdır ki, ixrac artsın. Çünki ölkənin birbaşa inkişafı ixracdan asılıdır. Pomidor deyəndə Rusiya yada düşür. Bu sahədə Rusiyadan ixrac asılılığının olması da çox pisdir. Bir bazardan çox asılı olmaq, ixracı ora yönəltmək riskləri artırır. Sabah həmin bazardakı dəyişikliklər, bütün pomidor istixanalarına problem yarada bilər”.
Qeyd edək ki, 2025-ci ilin ilk 4 ayı ərzində Azərbaycandan 74 milyon 732 min dollar dəyərində 60 min 148 ton pomidor ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15.3 faiz daha çoxdur.
Mənbə: Turkustan.Az