SİYASƏT

Gələn il Bakıda İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurumlarının yüksək səviyyəli görüşü keçiriləcək

Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin antikorrupsiya qurumlarının yüksək səviyyəli görüşü keçiriləcək.

“Report” xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclasında deyib.

O bildirib ki, ötən ilin 26-27 noyabr tarixlərində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci yüksək səviyyəli görüşündə Azərbaycan İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurum rəhbərlərinin Bürosunun sədr müavini seçilib:

“Həmçinin gələn il keçiriləcək növbəti sessiya və yüksək səviyyəli görüşə ev sahibliyi etmə hüququ Azərbaycana həvalə olunub”.

Heydər Məmmədov eyni zamanda Azərbaycan hökumətinin korrupsiya ilə mübarizənin qarşısında qoyduğu güclü iradəni və bu sahədəki hüquqi təşəbbüsləri qeyd edərək, ölkənin anti-korrupsiya tədbirlərinin qlobal səviyyədə dəstək tapdığını bildirib.

Baş prokurorun müavini qeyd edib ki, Bakıda keçirilən üç gün ərzində dünyanın 90-dan çox ölkəsindən gələn 300-dən çox nümayəndə yeni texnologiyaların hüquq mühafizə orqanlarına təsiri, ekoloji cinayətlərin qarşısının alınması və oğurlanmış aktivlərin bərpası kimi aktual mövzular üzərində müzakirələr aparıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir