Ağ Evin böyük Xəzər planı: 5 ölkə Azərbaycanla “birləşir” – İran detalı
ABŞ Dövlət katibi Mark Rubio Transxəzər təbii qaz interkonnektorunun tikintisinin Ağ Ev və onun müttəfiqlərinin strateji maraqları ilə tam uzlaşdığını bildirib.
Onun sözlərinə görə, bu layihə Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistanı qaz kəməri üzərindən Xəzər dənizi vasitəsilə Azərbaycanla birləşdirəcək.
Bu layihə nədən ibarətdir və onun həyata keçirilməsi Azərbaycana hansı üstünlükləri vəd edir?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Xəzər dənizinin səthi ilə yeni qaz kəmərinin çəkilməsi ideyası uzun illərdir gündəmdədir:
“Bu layihə vasitəsilə Mərkəzi Asiya qazının Avropa bazarına çıxarılması nəzərdə tutulur. Azərbaycan prinsip etibarilə bu təşəbbüsü hər zaman dəstəkləyib. Lakin məsələ uzun müddət ərzində müzakirə olunsa da, yetərli investisiya ayrılmadı. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın öz qazını Avropaya çıxarmağa yönəlmiş TANAP və TAP kimi iki meqa layihəsi də əvvəllər Qərbin maliyyə institutlarından ciddi dəstək görməmişdi. Buna baxmayaraq, rəsmi Bakı sözügedən layihələri əsasən öz vəsaiti hesabına uğurla həyata keçirdi.
Oqtay Qasımov
Transxəzər qaz interkonnektoru layihəsi reallaşarsa, Mərkəzi Asiya ölkələrinin zəngin enerji resursları məhz Azərbaycan üzərindən Avropa bazarına çıxarılacaq.
Bu, ilk növbədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki çəkisini artıracaq. Eyni zamanda ölkəmiz üçün iqtisadi və maliyyə dividentləri baxımından da olduqca mühüm üstünlüklər yaradacaq. Hesab edirəm ki, bu, kifayət qədər qlobal bir layihədir. İran və Rusiya kimi ölkələr isə bu günə qədər onun həyata keçirilməsinə mane olmağa çalışıblar. Xüsusilə də Xəzər dənizinin hüquqi statusu məsələsi bu layihənin reallaşmasına ən ciddi əngəl idi. Lakin indi bu istiqamətdə real imkanlar formalaşıb və vəziyyət əvvəlkindən fərqlidir”.
Enerji və Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban deyib ki, Qazaxıstan böyük qaz istehsalçısı olsa da, onun ixracını həyata keçirmək baxımından məhdud imkanlara malikdir:
“Qazaxıstan nə indi, nə də yaxın 5 ildə qaz ixrac edə bilməz. Ölkənin daxili tələbatı kifayət qədər sürətlə artır. Hazırda qazlaşdırma səviyyəsi 60 faiz civarındadır və hökumət bu göstəricini yaxın 5 ildə 75–80 faizə çatdırmağı hədəfləyir. Digər tərəfdən, ölkədə elektrik enerjisinin 70 faizi kömürdən əldə olunur. Qazaxıstan hökuməti qarşıdakı 10 il ərzində bu göstəricini 35 faizə qədər azaltmağı planlaşdırır, onun qazla əvəzlənməsi nəzərdə tutulur. Belə bir şəraitdə qaz ixracı real görünmür.
İlham Şaban
Özbəkistan da qaz ixracı həyata keçirən deyil, hazırda onu idxal edən ölkədir. Bu ölkə idxala 2022-ci ildən etibarən başlayıb, orada qaza tələbat çox yüksəkdir, daxili hasilat isə ildən-ilə azalır. Nəticədə, Özbəkistan həm Türkmənistandan, həm də Rusiyadan qaz idxal edir.
Türkmənistanın da hazırkı mövqeyi qeyri-aktivdir. Ölkə hələ 1996-cı ildən ABŞ və Brüssel tərəfindən Transxəzər qaz layihəsinə dəstək aldığını desə də, Aşqabad bu müddət ərzində konkret addım atmayıb. Yəni layihənin reallaşmasında əsas tərəfdaş ola biləcək qaz istehsalçıları kifayət qədər passiv davranırlar”.
Mənbə: Turkustan.Az