Bələdiyyələrin güclü olması təkcə onlardan asılı deyil
Bələdiyyələrin güclü olması təkcə onlardan asılı deyil
Bələdiyyə idarəçiliyi yalnız vergi yığıb yerində saymaqdan
ibarət deyil. Bələdiyyə sədrləri daim işləməli, gecəsini gündüzünə qataraq, vətəndaşların
problemlərinin həlli, yerli inkişafın sürətləndirilməsi və dövlətin müəyyən
etdiyi siyasətə dəstək verməklə məşğul olmalıdırlar. Əgər bələdiyyələr öz üzərinə
düşən vəzifələri yerinə yetirməsə, onların idarəetmədə rolu zamanla zəifləyər və
müəyyən qrupların maraqlarına xidmət edən quruma çevrilər.
Bələdiyyələrin güclü olması təkcə onların öz fəaliyyətlərindən
asılı deyil. Rayonun icra strukturları, dövlət qurumları və bələdiyyələr birgə
işləməlidir. İcra hakimiyyəti ilə bələdiyyələrin qarşılıqlı əlaqəsi gücləndirilməli,
bu qurumlar eyni məqsəd uğrunda çalışmalıdır. Bələdiyyələr icra hakimiyyətinin
yanında yer almalı, rayonun inkişafına yönəlmiş iclas və qərarlarda aktiv
iştirak etməlidir. Yalnız bu halda, bələdiyyələr real söz sahibi ola bilər və
onların nüfuzu artar..
Bələdiyyələr həm xalqın istəyini dövlət qurumlarına
çatdırmalı, həm də dövlətin siyasətini yerli səviyyədə dəstəkləyərək onun
icrasına töhfə verməlidir. Bu, həm dövlətin etimadını qazanmağa, həm də xalqın
gözündə bələdiyyələri güclü bir qurum kimi görməyə imkan yaradar.
Rayonun inkişafı üçün bələdiyyə, icra hakimiyyəti və digər
dövlət qurumları bir masa ətrafında birləşməli, planlı şəkildə və qarşılıqlı əməkdaşlıq
əsasında fəaliyyət göstərməlidir. Yalnız bu halda bələdiyyələr gələcək nəsillərə
güclü bir idarəetmə sistemi miras qoyacaq və rayonun inkişafında mühüm rol
oynayacaq.
Tərlan İsmayılov
İsmayılli bələdiyyəsinin üzvü
Mənbə: Meneviyyat.Az/