SİYASƏT

Dövlət qulluqçularının reyestrinin aparılması qaydası təsdiqlənib

Dövlət qulluğu vəzifəsinə, o cümlədən staj və sınaq müddətinə təyin edilən şəxslər haqqında məlumatlar dövlət qulluqçularının reyestrinə daxil ediləcək.

“Report” xəbər verir ki, bu, dövlət qulluqçularının reyestrinin aparılması qaydasında öz əksini tapıb.

Qaydaya əsasən, dövlət qulluğu vəzifəsinə təyin edilmiş şəxs haqqında məlumatlar aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən 5 iş günü müddətində Reyestrə daxil edilir.

Dövlət qulluğu vəzifəsinə təyin edilmiş şəxs haqqında məlumatların Reyestrdə arxivləşdirilməsi “Dövlət qulluğu haqqında” qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna xitam verilməsi hallarında həyata keçirilir. Dövlət qulluğuna xitam verilmiş şəxs haqqında məlumatlar aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən 5 iş günü müddətində Reyestrə daxil edilir.

Qaydaya əsasən, Reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik olduqda həmin dəyişikliyin baş verdiyi vaxtdan, məlumatlar dövlət qulluqçusu tərəfindən aidiyyəti dövlət orqanına (qurumuna) təqdim edilməli olan hallarda isə Prezidentin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın 2.5-ci bəndində nəzərdə tutulmuş müddətdə təqdim edildiyi tarixdən 5 iş günü müddətində aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən Reyestrdəki məlumatlarda müvafiq dəyişiklik edilir.

Qeyd edilib ki, Reyestrə daxil edilmiş məlumatların hüquqi aktlara uyğunluğu, həqiqiliyi, tamlığı, düzgünlüyü və vaxtında daxil edilib-edilməməsi Dövlət İmtahan Mərkəz (DİM) tərəfindən yoxlanılır. Həmin məlumatlarda uyğunsuzluqlar və çatışmazlıqlar aşkar edildikdə bu barədə aidiyyəti dövlət orqanına (qurumuna) bildiriş göndərilir.

Aidiyyəti dövlət orqanı (qurumu) bu Qaydanın 3.4-cü bəndində qeyd edilən bildiriş əsasında 5 (beş) iş günü müddətində uyğunsuzluqları və çatışmazlıqları aradan qaldıraraq məlumatları yoxlanılması üçün DİM-ə təqdim edir.

Bu Qaydanın 3.5-ci bəndində qeyd edilən müddətdə uyğunsuzluqları və çatışmazlıqları aradan qaldırmaq mümkün olmadıqda, aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən 2 iş günü müddətində bunun səbəbləri, habelə uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məlumatların təqdim ediləcəyi barədə Mərkəzə bildiriş göndərilir. Həmin uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məlumatlar aidiyyəti dövlət orqanı (qurumu) tərəfindən 3 iş günü müddətində yoxlanılması üçün yenidən Mərkəzə təqdim edilir. DİM tərəfindən təsdiq edildikdən sonra məlumatlar Reyestrə daxil edilir.

Bu Qayda qəbul edilənədək dövlət qulluğuna qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxs barəsində məlumatlar Reyestrdə olmadığı halda, həmin məlumatlar şəxsin müraciəti əsasında onun qulluq keçdiyi sonuncu dövlət orqanı (qurumu), yaxud həmin dövlət orqanının (qurumunun) hüquqi varisi olan dövlət orqanı (qurumu) tərəfindən Mərkəzə təqdim edilir, bu mümkün olmadıqda isə təsdiqedici sənədlər əsasında Mərkəz tərəfindən Reyestrin arxiv hissəsinə daxil edilir.

Aidiyyəti dövlət orqanı (qurumu) ilə DİM arasında məlumat mübadiləsi “Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatı üzərindən həyata keçirilir.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir