GÜNDƏM

Ərdoğan Trampı razı saldı, 14 illik qadağa ləğv edilir – DETALLAR

ABŞ Prezidenti Donald Trampın Ər-Riyada səfəri zamanı Suriya ilə bağlı açıqlamaları müzakirələrə səbəb olub. Ağ Ev rəhbəri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə etdiyini, nəticədə bu ölkəyə bir şans vermək üçün ona qarşı sanksiyaların ləğvinə dair tapşırıq verəcəyini açıqlayıb.

O həmçinin qeyd edib ki, Vaşinqton artıq Dəməşqlə münasibətləri normallaşdırmaq istiqamətində addımlar atır. Suriya xarici işlər naziri Əsəd əş-Şeybani isə ABŞ prezidentinin bəyanatını alqışlayıb.

Globalinfo.az-a danışan suriyalı türkmən siyasi şərhçi Muxtar Fateh Beydilli bildirib ki, bu ölkəyə qarşı uzun illər tətbiq olunan beynəlxalq sanksiyaların ləğvi qərarı xalq arasında böyük sevinc və ümidlə qarşılanıb:

“Xüsusən də Səudiyyə Ərəbistanı Krallığı, Türkiyə Cümhuriyyəti və Qətər Dövləti başda olmaqla, bölgə ölkələrinin diplomatik səyləri ilə baş verən bu inkişaf, müharibənin ağır nəticələri ilə mübarizə aparan Suriya xalqı üçün bir ümid işığı oldu. Xalqının azad iradəsini təmsil edən ictimai qurumlar və nüfuzlu şəxslər bu qərarı məmnuniyyətlə qarşıladı və rolu olan ölkələrə təşəkkürlərini ifadə etdilər. Eyni zamanda Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərin bölgədə qazandığı etimad və dəstək xüsusilə qeyd edildi.

Tarixin dönüş nöqtələri hər zaman böyük müharibə və inqilablarla müşayiət olunmur. Bəzən tək bir açıqlama da kifayət edir. ABŞ Prezidenti Donald Trampın, “Ərdoğan, bin Salman və Təmimlə görüşdüm, Suriyaya tətbiq edilən sanksiyaları ləğv etdim”, – açıqlaması da məhz belə bir məqamdır”.


Muxtar Fateh Beydilli

Ekspert əlavə edib ki, bu açıqlama yalnız humanitar deyil, regional və qlobal siyasət baxımından da tarixi bir addımdır:

“Səudiyyə Ərəbistanı, Türkiyə və Qətər kimi fərqli siyasi trayektoriyaya malik üç ölkənin Suriya məsələsində ortaq mövqe sərgiləməsi olduqca diqqətəlayiqdir. Trampın bu ölkələrlə məsləhətləşərək sanksiyaları ləğv etməsi, klassik Amerika diplomatiyasından fərqli olaraq birbaşa bölgə legitimliyinə əsaslanan yeni bir yanaşmanı ortaya qoyur. Bu addım təkcə Şam deyil, eyni zamanda Tehran, Moskva, Təl-Əviv və Brüsseldə də ciddi şəkildə izlənilir.

Sanksiyaların ləğvi sadəcə iqtisadiyyatın canlanması ilə məhdudlaşmır. Ən önəmlisi odur ki, Suriya xalqı artıq cəzalandırılan deyil, dəstəklənən bir toplum kimi qəbul edilir.

Prezident Əhməd əş-Şaraa milli suverenliyi müdafiə edən və xalqın birliyinə əsaslanan “vahid Suriya” ideologiyası ilə tanınır. O, ABŞ-la dialoqa hansısa imtiyaz istəmək üçün deyil, gələcək vizyonunu təqdim etmək üçün gedir.

Səudiyyə Ərəbistanı bu prosesə ev sahibliyi edir, Türkiyə yaxından izləyir, Qətər isə aktiv dəstəyini davam etdirir. Əş-Şaraa Vaşinqtonla bərabər səviyyəli siyasi dialoq aparan ilk suriyalı lider ola bilər”.

Qeyd edək ki, 2011-ci ildə Suriya hökumətinin vətəndaş etirazlarını qanlı şəkildə yatırmasına cavab olaraq, Avropa İttifaqı (Aİ), ABŞ, Kanada, Böyük Britaniya və BMT-nin bəzi üzvləri bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə başladı. Qərar, neft ixracatına qadağa, Suriya Mərkəzi Bankının aktivlərinin dondurulması, hökumət rəsmilərinə və ailə üzvlərinə qarşı viza qadağaları, həmçinin silah embarqosu və texnologiya transferlərinin dayandırılması kimi tədbirləri əhatə edirdi. 2012–2020-ci illərdə bu sanksiyalar genişləndirildi .









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir