Bakıda “Yeni media və effektiv kommunikasiya” mövzusunda təlim keçirildi
Azərbaycan və Türkiyə jurnalistikası sahəsində təcrübə mübadiləsi, fərqlər və oxşarlıqların müzakirəsi məqsədilə 11 may 2025-ci il tarixində Bakıda “Yeni media və effektiv kommunikasiya” mövzusunda təlim keçirilib. Təlim PR Point Bakunun təşkilatçılığı ilə baş tutub.
Təlimin təqdimatçısı qismində türkiyəli jurnalist, Antalya Jurnalistlər Cəmiyyətinin sədri, RATEM – Radio Televiziya Yayımçıları Peşə Birliyinin sədr müavini və Türkiyə Jurnalistlər Konfederasiyası İdarə Heyətinin üzvü İdris Taş çıxış edib.
Tədbirin açılışını PR Point Bakunun təsisçisi və direktoru Aida Ramiz edib. Açılış nitqində o, Azərbaycan və Türkiyə jurnalistikası arasında mövcud əlaqələrə və bu cür təlimlərin əhəmiyyətinə toxunub.
İdris Taşın təqdimatında keçirilən təlim nəzəriyyədən çox real təcrübələr və şəxsi hekayələrə əsaslanaraq interaktiv şəkildə davam etdirilib. Tədbir boyunca Azərbaycan və Türkiyə jurnalistikası arasında paralellər və fərqlər, habelə yeni medianın gələcəyi və bu sahədə effektiv kommunikasiya yolları geniş şəkildə müzakirə olunub.
Təlimdə media nümayəndələri, jurnalistlər və kommunikasiya sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
Bu əhəmiyyətli günə ev sahibliyi etdiyinə görə “Tea You Me” kofeşop və restoranlar şəbəkəsinə xüsusi təşəkkürümüzü bildiririk.
Mənbə: Diaspornews.Az