BƏLƏDİYYƏ

“Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı konfrans keçirilib

“Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı konfrans keçirilib

Aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında “Ailə və icma məsələlərində yerli özünüidarəetmənin
təsir mexanizmləri” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) və Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı
ilə keçirilən konfransda dövlət qurumlarının nümayəndələri, bələdiyyə sədrləri,
Akademiyanın müəllim heyəti, elm xadimləri və media nümayəndələri iştirak ediblər.

Konfransın keçirilməsində əsas məqsəd ailələrin icmalarda dəstəklənməsi,
bərabər imkanların təşviq edilməsi, əməkdaşlığın genişləndirilməsi və bu fəaliyyətin
icrasına effektiv yanaşmanın təmin olunmasının müzakirə edilməsidir.

Çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Bələdiyyələrinin Milli
Assosiasiyaları arasında imzalanacaq Anlaşma Memorandumunun vaxtında atılan
addım olduğunu bildirib. Qeyd edib ki, bu istiqamətdə məlumatlandırma və
maarifləndirmə işini artırmaq lazımdır.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradova ailənin cəmiyyətin təməl daşı, milli və
mənəvi dəyərlərimizin daşıyıcısı olduğunu bildirib. Qeyd edib ki, ailə cəmiyyətin
sağlamlığının göstəricisi, gələcək nəsillərin formalaşdığı əsas sosial
vahiddir. Sürətlə dəyişən müasir dövrün çağırışları – urbanizasiya, sosial təcrid,
iqtisadi çətinliklər, dəyərlər böhranı və informasiya təzyiqləri ailənin
sabitliyinə və funksionallığına birbaşa təsir edir. Bu dəyişikliklər ailə
modelinin özündə, münasibətlərdə və sosial dəstək ehtiyaclarında da özünü göstərir.

Komitə sədri bu məsələdə bələdiyyələrin rolunun ön plana
çıxdığını qeyd edib. Diqqətə çatdırıb ki, bələdiyyələr gənc ailələrin dəstəklənməsi
məsələsinə kömək edə, həmçinin risk altında olan həssas ailələrin monitorinqini
apara, bunun səbəblərini araşdıra bilərlər.

Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradova və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının
Əlaqələndirici koordinatoru Aydın Muradov tərəfindən Anlaşma Memorandumu
imzalanıb.

Memorandum ailə və gender məsələlərinin dövlət siyasətinin
prioritetlərindən olduğunu nəzərə alaraq, tərəflər arasında növbəti 3 il ərzində
birgə fəaliyyətin həyata keçirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı tənzimləyəcək.

https://azertag.az

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir