İDMAN

“Atletiko”nun futbolçusu Sörlot “Sosyedad”la matçda 30 dəqiqəyə poker edib

“Atletiko Madrid”in norveçli hücumçusu Aleksander Sörlot İspaniya La Liqasının 35-ci turunda “Real Sosyedad”a qarşı matçda 30 dəqiqə ərzində dörd qol vurub.

“Report” xəbər verir ki, görüş Madriddəki “Riyad Eyr Metropolitano”da keçirilib.

Sörlot 7, 10, 11 və 30-cu dəqiqələrdə fərqlənib. Birinci və üçüncü qollar arasındakı fasilə 3 dəqiqə 57 saniyə təşkil edib, bu nəticə İspaniya çempionatları tarixində rekord olub – 1995-ci ildə “Deportivo”nun futbolçusu Bebeto 4 dəqiqə 43 saniyəyə het-trik etmişdi.

Həmçinin norveçli oyunçu ölkə çempionatında matçın əvvəlindən ən tez üç qol vurmuş futbolçu olub, 1941-ci ildə 15 dəqiqə ərzində rəqib qapısına üç dəfə qol vuran Edmundo Suaresin nəticəsini üstələyib.

Görüş “Atletiko”nun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Madrid komandası 70 xal toplayaraq turnir cədvəlində 3-cü yeri tutur. “Real Sosyedad” isə 43 xalla 12-ci pillədə qərarlaşıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir