YAZARLAR

ƏMİMİN İTKİN CANI…

Əkbər Qoşalı

Bəzi insanlar — varlıqları ilə sükutun özünü də danışdırar. Əmim Fətalı Əsgəroğlu da o nadir insanlardan olub. Gözləri sakit, baxışları dərin, danışığı az, duruşu isə dağ kimi! İtkin canıyla bizə görünməz bir dayaq olub — özü bilmədən, bizə bildirmədən…

1945-ci ildən bu yana…
Öncə böyüklərimiz, sonralar isə bizlər
gözümüz qəzet, jurnal səhifələrində “Yolçuyev” soyadına ilişəndə;
qulağımız radioda, televiziyada bu soyadı eşidəndə; haradasa Fətalı adlı biri ilə qarşılaşanda…
ürəyimizdə eyni titrəyiş oyanıb:
İTKİN ƏMİM — FƏTALI ƏSGƏR OĞLU YOLÇUYEVdən (1910) bir nişanə, bir xəbər olarmı ola?..

Rəhmətlik Turac mamam and içəndə deyərdi: “Fətalının itkin canı haqqı”!..
Nə bacıları, nə də qardaş yolunda gözünün kökü saralan atam — heç biri əmimin ölümünə inanmadı. Onlar Fətalı əmimə “itkin”dən başqa heç bir statusu yaraşdırmadılar… Və həmin inamla da bu dünyadan köçüb, getdilər…

Bu gün, mən də — üzünü görmədiyim, səsini eşitmədiyim FƏTALI ƏMİMin bir gün qayıdacağına, ya da bir xəbərinin gələcəyinə inanmaqdayam.
Onun son məktubu — 1945-ci ilin sentyabrında, artıq müharibə bitəndən sonra, “Polevaya poçta”dan gəlib.
“Növbəti məktubum çox gec gələcək, darıxmayın…” — deyə yazıbmış…

Əmim 28 yaşında — təqribən 1938-ci ildə erməni şərinə düşərək həbs olunub, Şəmşəddil (indiki Berd) rayonunda “istintaq” edilib, iki ay sonra isə Komi MSSR-ə — cəzaçəkmə müəssisəsinə göndərilib.
1941–45-ci illər müharibəsi başlayandan bir il sonra, həbsdə olan dustaqların könüllü şəkildə cəbhəyə cəlb olunması ilə bağlı Kalininin imzasıyla sərəncam verilib.
Əmim də həmin sərəncama əsasən cəbhəyə yollanıb…

Onun üzünü görməmişəm…
Heç bir şəkli qalmayıb…
Amma yaddaşlarımızda onun itkin canı və adı yaşayır.
Və bu yaşantının işığında — qardaşının və əmisioğlunun yaşlılıq şəkilləri, ailə izləri əsasında süni intellekt üç vizual yaddaş portreti işlədi:
Gəncliyi,
müharibədən sonrakı ehtimal edilən həsrətli duruşu və ahıl yaşlarındakı xəyali siması…

Bu şəkillər bir qayıdış kimidir.
Sükutun içində gələn bir salam, illərdir qulaq kəsildiyimiz bir baxış…
İtkin canlara salam olsun!
Onlar görünmürlər — lakin bizimlədirlər…

Bir 1 nəfər şəkili ola bilər

Bir 1 nəfər incəsənəti ola bilər









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir